İsrail hərbi qüvvələri Qətərin paytaxtı Dohanın mərkəzini raket atəşinə tutub.
FED.az xəbər verir ki, paytaxtda bir neçə partlayış baş verib. Sonradan İsrail rəhbərliyi elan edib ki, məqsəd Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərini öldürmək olub.
İsrail Ordusu iddia edir ki, hədəfə götürülən HƏMAS üzvləri bu təşkilatın İsrailə qarşı hərbi əməliyyatlarını təşkil ediblər. İsrail tərəfi guya mülki əhaliyə zərər dəyməməsi üçün tədbir gördüyünü bildirsə də, sonradan məlum olub ki, zərbələr yaşayış zonasına endirilib.
Qətər Xarici İşlər Nazirliyi Dohaya İsrailin endirdiyi zərbələri pisləyib, baş verənlərlə bağlı araşdırma aparmağı planlaşdırır.
"Qətər dövləti, bu hücumu qətiyyətlə pisləyərək, İsrailin bu davranışına və regional təhlükəsizliyə müdaxilə etmək cəhdlərinə dözməyəcəyini təsdiqləyir. Ən yüksək səviyyədə araşdırma başladılıb və təfərrüatlar məlum olduqca elan ediləcək", - Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Maced Al Ansari bildirib.
Qətər rəsmi qurumu bildirib ki, İsrailin hərəkətlərini bütün beynəlxalq qanun və normaların pozulmasıdır, bu hərəkətlər Qətər vətəndaşları və sakinlərinin təhlükəsizliyinə ciddi təhdid yaradır.
"The Times of Israel" qəzeti bildirir ki, İsrailə HƏMAS-ın siyasi rəhbərliyinə Dohada zərbə endirməyə ABŞ Prezidenti icazə verib.
Amma İsrailin zərbələri hədəfinə çatmayıb. Bu gün Dohada baş verən partlayışlar nəticəsində HƏMAS rəhbərləri arasında həlak olan yoxdur. Bu barədə "Əl-Cəzirə" HƏMAS-ın bəyanatına istinadən bildirib. "Qəzzada atəşkəslə bağlı ABŞ-nin irəli sürdüyü təklifin müzakirə olunduğu görüşün bütün iştirakçıları sağ qalıblar", - məlumatda vurğulanır.