“İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik”.
FED.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İran onsuz da danışıqlar prosesində idi və hücumlar dayanmasa, heç bir tərəflə danışıq aparmayacaq: “Raket imkanlarımızı heç kimlə müzakirə etməyəcəyik. Onlar sırf müdafiə xarakteri daşıyır. Biz İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolu axtaran avropalılara açığıq və Cenevrədəki hazırkı danışıqlarımız nüvə məsələsinə yönəlib”.
Nazirin sözlərinə görə, "İran, sadəcə, iqtisadi və hərbi obyektləri hədəfə alır və hədəflər arasında yaşayış binası yoxdur".
Araqçi vurğulayıb ki, İranın raket hücumları diqqətlə planlaşdırılır və beynəlxalq hüququn normalarına tam olaraq uyğundur. O əlavə edib ki, ABŞ Prezidentinin İsrailin hücumlarını şərh edərkən “biz” sözündən istifadə etməsi, Vaşinqtonun bu hücumlarda İsraillə əlbir olmasının göstəricisidir.
Araqçi "danışıqlar üçün İrana edilən təkliflərin getdikcə artdığına və İran xalqının müqavimətinin effektivliyinə" diqqət çəkib. (Apa)