Xəbər verildiyi kimi, bu gün Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» su qovşaqlarının açılışına həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.
FED.az xəbər verir ki, tədbirdən qayıdan İran prezidentinin helikopteri qəzaya uyğrayıb. Hələlik İranın rəsmi mətbuat orqanları – İRNA agentliyi bu barədə məlumatlarda helikopterin sərt eniş etdiyini bildirir.
Bildirilir ki, İran prezidenti ilə yanaşı, helikopterdə ölkənin xarici işlər naziri də olub.
Hadisənin baş verdiyi ərazi dağlıqdır və dumanla örtülüb. İlkin məlumatlara görə, İran prezidentinin hava kortejində 3 helikopter olub. Onların 2-si təyinat yerinə çatıb, amma dövlət başçısının helikopteri itib.
Hazırda havanın əlverişsiz olmasına baxmayaraq, xilasetmə qrupları bölgədə axtarış aparır. Əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi isə bildirib ki, İranın vitse-prezidenti Möhsün Mənsuri və hökumətin bəzi üzvləri helikopterin sərt eniş etdiyi yerə gediblər.
İran rəsmiləri bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həyatı helikopter qəzasından sonra risk altındadır:
“Bizim hələ ki, ümidimiz var, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur”. Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının «X» sosial şəbəkəsində paylaşım edərək narahatlığını bildirib.
Paylaşımda deyilir: «Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır».