ABŞ və İran arasında gərginliyin nisbətən azalması və sülh danışıqları barədə sənədin imzalanmasından 2 gün sonra tərəflər arasında vəziyyət yenidən gərginləşib. Nəticədə İran hökuməti Hörmüz boğazının yenidən bağlandığını elan edib.
FED.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərə Hörmüz boğazına yaxınlaşmamağı tövsiyə edib.
Yayımlanan açıqlamaya görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzi bölgəsindəki bütün gəmilərə Hörmüz boğazından yayınmaq barədə xəbərdarlıq edib .
"Hörmüz boğazının bağlı olduğu və gəmilərin boğaza yaxınlaşmaması vurğulanır. Əks halda, onların təhlükəsizliyi təhlükə altında olacaq", - deyə SEPAH bildirib.
İyunun 20-də İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya, İsrailin Livana qarşı davam edən təcavüzü səbəbindən Hörmüz boğazının bağlandığını elan edib. Qərargahdan bildirilib ki, boğazın bağlanmasının səbəbi İsrailin Livana hücumlarının davam etməsidir: «İran İsrailin Livana qarşı davam edən təcavüzü səbəbindən Hörmüz boğazını bağlayır. Təcavüz davam edərsə, düşməni öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün əlavə addımlar planlaşdırılacaq və atılacaq”, - qərargah vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ vitse-prezidenti J.D. Vance qeyd edib ki, Vaşinqtonun Tehranın Hörmüzdə gəmiçiliyin qarşısını almağa davam etdiyinə dair heç bir dəlili yoxdur.














