Avqustun 6-da, bazar ertəsi ABŞ, İrana yeni iki mərhələli bir embarqoya başlayacaq. FED.az xəbər verir ki, Birləşmiş Ştatlar əvvəlcədən elan etdikləri kimi, avqustun ikinci həftəsindən etibarən İranla iqtisadi müharibənin kəskin fazasına keçirlər.
Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.
Bundan başqa, yeni sanksiyalara əsasən, İranın qiymətli metal, polad, alüminium, kömür ticarətinə, suveren borcu ilə əməliyyatlara, proqram təminatı idxalına, avtomobil sənayesinə qadağalar tətbiq olunacaq. ABŞ hökuməti artıq bütün dünyadakı müttəfiqlərini bu sanksiyalara qoşulmağa və onlara əməl etməyə dəvət edib. Doğrudur, bu sanksiyalar birtərəfli sanksiyalardır, yəni BMT tərəfindən tətbiq edilməyib və başqa ölkələrin buna qoşulmaq öhdəliyi yoxdur. Əvəzində ABŞ həmin sanksiyalara əməl etməyən ölkələrə və şirkətlərə qarşı sanksiya tətbiq edəcək.
ABŞ-la iqtisadi müharibə və belə sanksiyalar İran iqtisadiyyatına öldürücü təsir edir, o cümlədən İran milli valyutasının sürətlə ucuzlaşmasına səbəb olur. Son 4 ayda İran milli valyutası ABŞ dolları qarşısında iki dəfədən də çox ucuzlaşıb. Apreldə 42 min rial olan dollar hazırda 120 min rialdır.
Son sanksiyadan sonra rialın daha da ucuzlaşması istisna olunmur.