Uran zənginləşdirmə səylərini davam etdirən İran, ABŞ-ın 2019-cu ildə tətbiq etdiyi yeni sanksiyalar səbəbindən neft ixracatındakı azalmanın səbəb olduğu 70 milyard dollarlıq ziyanı qaytarmaq istəyir.
FED.az xəbər verir ki, İran, ABŞ-ın neft ixracatına tətbiq etdiyi sanksiyaların vurduğu ziyanın 70 milyard dollar olduğunu və bunun ABŞ-ın ödəməli olduğunu elan edib.
Ayətullah Əli Xomeyninin müşavirlərindən olan və Xarici Əlaqələr Strateji Şurasının sədri Kemal Harazi bəyan edib ki, əgər ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden prezident Trampın 2018-ci ildə atdığı nüvə anlaşmasına qayıtmaq istəsə, bu şərti yerinə yetirməli və pulları ödəməlidir.
Xatırladaq ki, İranla 6 ölkə arasında bağlanan nüvə sazişi İranın nüvə tədqiqatlarını dayandırması müqabilində ona sanksiyalardan azad olmaq imkanı vermişdi. Amma ABŞ 2019-cu ildə İran neftinin alınmasına icazə verən sanksiya azadlığını ləğv etdi. Bloomberg-in tərtib etdiyi məlumatlara görə, 2017-ci ildə gündə 2,6 milyon barel olan İranın neft ixracatı, keçən dekabr ayında 355 min barrelə geriləyib. İranın ixrac etdiyi neftin demək olar ki, hamısı indi Çinə gedir.
Prezident Həsən Ruhani, keçən ay etdiyi bir açıqlamada, sanksiyaların vurduğu ziyanın kompensasiyasının nüvə anlaşmasını canlandırmaq üçün sərt bir şərt olaraq təqdim edilməsinə ehtiyac olmadığını bildirdi.
İran, Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti mexanizminə uranı 20% zənginləşdirməyi planlaşdırdığını və bundan dərhal sonra işlərə başladığını elan edib. Bu səviyyədə zənginləşdirmə son dəfə 2015-ci il müqaviləsindən əvvəl həyata keçirilmişdi.