İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinə məxsus aviadaşıyıcıya və esminesə ballistik raketlərlə uğurlu zərbələr endirildiyini açıqlayıb.
FED.az-ın məlumatına görə, SEPAH bildirib ki, "İslam İnqilabı Keşikçiləri Korpusunun Kosmik Qüvvələri İran gəmilərinə maneçilik törədən və dəniz blokadasında iştirak edən ABŞ Silahlı Qüvvələrinə məxsus aviadaşıyıcıya və esminesə bir neçə ballistik raketlə zərbələr endirib".
Bundan başqa, SEPAH ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında üç neft tankerinin və digər ərazilərdə ABŞ-la əlaqəli üç gəminin hədəfə alındığını açıqlayıb.
Bəyanatda qeyd olunub ki, bu addım ABŞ-nin İran İslam Respublikasına məxsus üç neft tankerinə hücumuna cavab olaraq atılıb.
SEPAH-ın iddiasına görə, Hörmüz boğazında “icazəsiz marşrut” üzrə hərəkət edən üç neft tankeri, eləcə də digər ərazilərdə ABŞ-la əlaqəli üç gəmi hədəfə alınıb.
SEPAH Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazı yaxınlığında hərəkət edən bütün gəmilərə də xəbərdarlıq edib.
“ABŞ ordusunun aldatmalarına uymayın və icazəsiz su yollarından keçmək məqsədilə hər hansı şübhəli hərəkətdən çəkinin. Əks halda, hədəfə alınacaqsınız”, – bəyanatda bildirilib.












