Böyük Britaniyanın İrana olan borcu ilə bağlı məhkəmə prosesi başlayıb.
Eləcə də bax: İran 40 illik borcunu Böyük Britaniyadan - TƏLƏB EDİR
FED.az xəbər verir ki, İran məhkəməyə müraciət edərək Böyük Britaniyanın 480 milyon dollarlıq borcunun ödənilməsini tələb edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1974-cü ildə İran ordusunu gücləndirmək məqsədilə Böyük Britaniyadan 1500 ədəd “Çiften” tankının alınmasına dair müqavilə imzalayıb və əvvəlcədən müəyyən ödəniş edib. Lakin 1979-cu ildə İranda islam inqilabı baş verdikdən sonra rəsmi Tehranın Qərb dövlətləri, o cümlədən Böyük Britaniya ilə münasibətləri gərgin xarakter aldığından rəsmi London beh almasına baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməyib.
İran bununla əlaqədar BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Beynəlxalq məhkəmə 2012-ci ildə işə baxaraq Böyük Britaniyanın İrana 480 milyon dollar məbləğində təzminat ödəməsinə dair hökm çıxarıb. Buna baxmayaraq, İran borcunu ala bilməyib. Böyük Britaniya hökuməti pulu ödəməkdən imtina etmədiyini açıqlayıb. Lakin İranın Müdafiə Nazirliyi beynəlxalq sanksiyalarla üzləşdiyi üçün pulun ödənilməsi hələlik mümkün deyil.
Britaniya məhkəməsi beynəlxalq məhkəmənin qərarına etiraz etməyib. Lakin işə baxacağını bildirib.
Azərtac