İranın aprelin 13-də etdiyi hücumun qarşısını almaq İsrailə təxminən 1,3 milyard dollara başa gəlib.
FED.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının keçmiş maliyyə müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah deyib ki, aprelin 14-nə keçən gecə İranın hücumunu dəf etmək ölkəyə təxminən 4-5 milyard şekelə (1-1,3 milyard dollar) başa gəlib.
Onun sözlərinə görə, bir ballistik raketin məhv edilməsi təxminən 3,5 milyon dollar qiymətləndirilir.
"Arrow" sistemi tərəfindən vurulmalı olan ballistik raketlərdən, digər raketlər tərəfindən vurulmalı olan qanadlı raketlərdən və əsasən təyyarələrlə vurduğumuz PUA-lardan danışırıqsa, bu məbləğ ballistik raketlərin hər biri üçün 3,5 milyon dollar, qanadlı raket üçün 1 milyon dollar təşkil edir. Hələ təyyarələr üçün əlavə xərclər də var. Ümumilikdə, təxminən 4-5 milyard şekel (1,3 milyard dollar) xərc sərf edilib” Ram Aminah bildirib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, İran İsrailə 170 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120-dən çox ballistik raket atıb. Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemi bu raketlərin 99%-ni ələ keçirib.
Aprelin 1-də Dəməşqdəki konsulluğuna hücuma görə İran aprelin 14-nə keçən gecə İsrailə hücum edib. İsrail tərəfi dəymiş ziyanı kiçik hesab edir. İslam İnqilabı Keşikçiləri Korpusu isə bildirib ki, İranın pilotsuz təyyarələri və raketləri İsrail ərazisi daxilindəki hədəfləri vurub.