Hindistanla Pakistan arasında 2 həftədən artıq davam edən gərginlik hərbi münaqişəyə çevrilməyə başlayıb.
FED.az xəbər verir ki, bu gün gecə Hindistan ordusu Pakistandakı hədəflərə raket zərbəsi endirib. Paksitan ordusunun yaydığı məlumata görə, Hindistanın hücumunda hədəf Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad şəhərləri olub.
Bu axşam Hindistan müdafiə nazirliyi Pakistana qarşı «Sindur əməliyyatı»nın başlandığını elan edib. Əməliyyat çərçivəsində Hindistan ordusu Pakistanda 9 hədəfə zərbə endirib. Hindistan tərəfi bildirib ki, pakistanlı hərbçilərə zərbə endirilməyib, zərbə yalnız terrorçu infrastrukturlara endirilib.
«Geo TV» isə məlumat yayıb ki, Hindistanın Pakistana endirdiyi hava zərbələri nəticəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Cavabında Pakistan da Hindistan ərazisindəki hədəflərə zərbə endirib.
«Samaa TV»nin məlumatına görə, Pakistan ordusu bu barədə qərarı Hindistanın mülki obyektlərə və dinc əhaliyə hücumundan sonra verib.
Pakistanan müdafiə naziri Havaca Asif qonşu ölkənin bu addımını qorxaqlıq adlandırıb, «çünki Hindistan zərbəsini qaranlıqda endirib». Nazir bildirib ki, Pakistanın zərbəsi «güclü və gurultulu» olacaq: «Cəsarətiniz çatırsa, gəlin açıq meydanda döyüşək və məsələni kişi kimi həll edək» - deyə nazir emosional çağırışlar edib.
Xatırladaq ki, onsuz da münasibətlərində daimi gərginlik olan iki ölkə arasında növbəti gərginlik aprelin 22-də yaranıb. Həmin gün Hindistanın nəzarətində olan mübahisəli Cammu və Kəşmir ştatlarında terror aktı baş verib və xarici turistlər güllələnib. Hindistan bu hücumda Pakistanı günahlandırıb, İslamabadda isə bu qərarı ədalətsiz adlandırıblar. Bundan sonra Hindistan Hind çayından Pakistana gedən su xəttini kəsib.
***
“Hindistanın Pakistana ballistik raket zərbələri endirməsindən sonra Pakistan Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə SAMAA TV mənbələri məlumat yayıb.
Qeyd olunur ki, cavab qərarı İslamabadda mülki infrastruktur obyektlərinin zədələnməsi və Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.
Pakistan mediası ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini də bildirir.
***
Pakistanın hava hücumundan müdafiə qüvvələri Hindistana məxsus Fransa istehsalı olan iki “Rafale” qırıcı təyyarəsini vurub.