İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdül Əziz Əs Səud “İki Müqəddəs Ocağın Xadiminin Həcc və Ümrə qonaqları” proqramı çərçivəsində Məkkəyə gəlmiş bütün zəvvarlar üçün qurbanlıq heyvanlar alınması xərclərini öz üzərinə götürüb.
FED.az Krallığın SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu proqrama dünyanın 95 ölkəsində 5400 zəvvar daxildir.
İslam işləri üzrə naziri, “İki Müqəddəs Ocağın Xadiminin Həcc, Ümrə və Peyğəmbər Məscidinin ziyarəti üzrə qonaqları” proqramının rəhbəri şeyx Əbdüllətif ibn Əbdüləziz əl-Şeyx bildirib ki, bu səxavətli sərəncam proqramın bütün qonaqlarına, o cümlədən Fələstindən olan şəhid ailələrinə, Misir Silahlı Qüvvələrinin şəhidlərinin və Misir polisinin şəhidlərinin ailələrinə, Yəmən Milli Ordusunun və Sudan ordusunun şəhid və yaralılarının qohumlarına, habelə 80-dən çox ölkədən gəlmiş qonaqlara şamil edilir.
Nazirin sözlərinə görə, İki Müqəddəs Ocağın Xadiminin bu qərarı təəccüblü deyil, bu, İki Müqəddəs Ocağın Xadiminin cari ildə Həcc ziyarəti edən qonaqlara minnətdarlıq əlaməti və bütün müsəlmanlara səxavətinin davamıdır. Nazir vurğulayıb ki, bu hədiyyə İki Müqəddəs Ocağın Xadiminin öz müsəlman qardaşlarına diqqət və dəstəyini, onların ehtiyaclarını ödəməyə daim hazır olduğunu, habelə müsəlmanların birləşməsi və onların dəstəklənməsi üzrə səylərini təsdiq edir.
Şeyx Əbdüllətif ibn Əbdüləziz əl-Şeyx bildirib ki, İslam dünyasının bütün xalqlarına öz sevgisi ilə məşhur olan İki Müqəddəs Ocağın Xadimi bu zəvvarların səfərlə bağlı xərclərini öz şəxsi hesabından maliyyələşdirmək və onların Həcc ziyarətinin asanlaşdırılması üçün bu insanlara hər cür xidmət göstərilməsi barədə sərəncam verib.