Gürcüstanda şans (qumar) oyunları ilə əlaqədar risklərin azaldılması üçün Maliyyə Nazirliyi yeni təkliflər hazırlayıb.
Eləcə də bax: Gürcüstanda 700 min nəfər - QUMARA QURŞANIB
FED.az xəbər verir ki, bu sözləri Gürcüstanın Maliyyə naziri İvane Maçavariani parlamentdə “nazir saatı” layihəsi çərçivəsindəki çıxışı zamanı deyib. O bildirib ki, keçən il ludomaniyaya aludə olmuş gənclərdən ikisinin intihar etməsindən sonra ölkədə şans oyunları ilə əlaqədar etiraz aksiyaları keçirilib. Ludomaniyanın psixoloji xəstəliklər siyahısına daxil edilməsi, şans oyunlarının reklamının ləğvi, onlayn kazinolara girişin qadağan olunması, şans oyunlarında iştirakla bağlı yaş həddinin artırılması üzrə müxtəlif təkliflər irəli sürülüb. Nazirlik bunları nəzərə alaraq, qanunvericiliyə yeni dəyişikliklər paketi hazırlayıb. Bu dəyişikliklərdə əsasən, şans oyunlarından psixoloji asılılığı olan insanların müəyyən edilməsi, oyunçuların, ludomaniyaya aludə olunmuş şəxslərin siyahısının dəqiqləşdirilməsi, müəyyən edilmiş kanallar vasitəsilə nağd əməliyyatlar aparmaq öhdəliyi və çirkli pulların yuyulması riskini azaldan bir çox digər qadağalar nəzərdə tutulub.
Onun sözlərinə görə, yeni dəyişikliklər yaxın vaxtlarda qanunda öz əksini tapacaq. Bildirilib ki, Gürcüstanda şans oyunları 2005-ci ildə qəbul olunmuş “Lotereyalar, şans və qazanc gətirən cihazlar” haqqında qanunla tənzimlənir. Bu qanun kazinoların fəaliyyəti, totalizator, slot klublar və digər əyləncəli, uduşlu oyunların təşkilini tənzimləyir. Qanunla bu cür oyunların təşkilində heç bir çətinlik yoxdur.
Məlumat üçün qeyd edək ki, şans oyunları Gürcüstanda əsas gəlir mənbələrindən birinə çevrilib. Bu sahədən əldə olunan gəlirlər bankların əldə etdiyi mənfəətdən çoxdur. Son statistik məlumatlara görə, Gürcüstanda 7 onlayn kazino, 90 totalizator, 6400-dək oyun aparatı var.
Ölkədə neçə nəfərin şans oyunları aludəçisi olması barədə rəsmi statistik məlumat yoxdur. Lakin qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, ölkədə 700 min nəfər ludoman var, bu da ölkə əhalisinin hər beş nəfərindən biri deməkdir.
Azərtac