Tbilisidə hökumət evinin qarşısında şans oyunlarına qarşı aksiya keçirilib.
FED.az xəbər verir ki, yüzlərlə gənc ölkədə kazinolarda şans oyunları (qumar oyunları) ilə əlaqədar sərt qanunların qəbul olunmasını tələb ediblər.
Eləcə də bax: Gürcüstanın ən gəlirli 10 şirkətindən - 5-İ QUMAR BİZNESİNDƏDİR
Bildirilib ki, hər il xeyli gənc şans oyunları səbəbində intihar edir.
Ötən ilin noyabrında ludomaniyanın qurbanı olmuş 1Tv.ge kanalının operatoru Sandro Beradzenin yaxınları gəncləri bu oyunlardan uzaq olmağa dəvət ediblər. Onlar bildiriblər ki, ludomaniyanın aludəçisi olan gənclərin bir çoxu sonda çıxış yolunu yalnız intiharda görürlər.
Aksiyanın təşkilatçısı Giorgi Çoqovadze bildirib ki, son araşdırmalara görə, ölkədə 700 minə yaxın insan şans oyunlarına qurşanıb. Onların sırasında azyaşlılar da var. Hökumət təcili tədbir görməsə, vəziyyət daha acınacaqlı olacaq.
Aksiya iştirakçıları, eyni zamanda ludomaniyanın psixoloji xəstəliklər siyahısına daxil edilməsini, ludomaniya aludəçiləri ilə bağlı Səhiyyə Nazirliyində “qaynar xətt”in açılmasını, onlar üçün reabilitasiya mərkəzlərinin yaradılmasını, qumar oyunları ilə bağlı reklamın ləğv olunmasını, şans oyunlarında iştirakla bağlı yaş həddinin müəyyənləşdirilməsini, onlayn-kazinolara girişin məhdudlaşdırılmasını tələb ediblər.
Qeyri-hökumət təşkilatlarının məlumatına görə, Gürcüstanda qumar biznesindən əldə olunan gəlirlər bank sektorundakı gəlirlərdən xeyli çoxdur. Ölkədə 700 minə yaxın ludomaniya aludəçisi var. Bu da əhalinin hər beş nəfərindən biri deməkdir.
Qeyd edək ki, son vaxtlar iki gürcü gənc Sandro Beradze və Zuka Qriqoliya şans oyunlarından sonra intihar ediblər.
Son bir ildə Tbilisidə təhsil alan iki azərbaycanlı gənc də şans oyunlarında pul uduzduqdan sonra intihar edib.
Aksiya iştirakçıları tələblərini hökumət dəftərxanasına təqdim ediblər.
Azərtac