Gürcüstan hökuməti ölkə üzrə 244 yaşayış məntəqəsinin təbii qazla təmin olunması məqsədilə yeni qərar qəbul edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Gürcüstan hökumət dəftərxanasından məlumat verilib.
Bildirilib ki, qərara əsasən, təbii qaz təchizatı üçün qazlaşdırmanın layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi məqsədilə hökumətin əvvəlki qərarına dəyuişiklik edilib, yeni ümumi xərclər smetası hazırlanıb.
Yeni 3 illik qazlaşdırma planı çərçivəsində “Gürcüstan Qaz Nəqliyyatı Şirkəti” 2022-2024-cü illər ərzində əhalinin təbii qazla təmin edilməsi məqsədilə qazlaşdırma layihə-tikinti işlərinin həyata keçirilməsini təmin edəcək.
Ölkə üzrə 244 yaşayış məntəqəsində 39 698 abonentin təbii qazla təmin olunması layihəsinin ümumi dəyəri 135 272 350 lari təşkil edir.
Hökumət başçısının sərəncamına əsasən, Gürcüstanın Maliyyə və İqtisadiyyat və Davamlı İnkişaf nazirlikləri 2022-2024-cü illər üçün müvafiq resursların axtarışını və müvafiq ayırmalara baxılmasını təmin edəcək. Həmçinin qazlaşdırmanın layihə-tikinti işlərinin maliyyələşdirilməsi 2023-cü il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək (Azertac).