Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” gömrük-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər yolu 4-4,5 saat müddətinə qət etmək mümkün olacaq.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini İrakli Karseladze diplomatik korpus, biznes qurumları və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, bu, Rikoti yolunda avtobanın, eləcə də Kveşeti-Kobi yolunda tunel və avtomobil yolunun inşası hesabına mümkün olacaq: “Rikoti yolu Şərq-Qərb dəhlizinin inkişafında irəliləyiş olacaq. Əgər bu gün Qırmızı körpüdən Sarpiyə qədər olan yolu qət etmək 7-8 saat tələb edirsə, bu müddət 4-4,5 saata qədər azalacaq. Hərəkətin sürəti də artırılacaq, bəzi hallarda isə sürət hətta iki dəfə artacaq”.
Nazir müavini Kveşeti-Kobi yolunda 9 kilometrlik tunelin inşasının planlaşdırıldığını və tunel vasitəsilə Stepantsminda istiqamətində istənilən hava şəraitində hərəkətin mümkün olacağını qeyd edib. İ. Karseladze vurğulayıb ki, tikinti işləri ilə bağlı tender bu ay elan olunacaq: “Layihənin dəyəri təxminən 2 milyard dollar təşkil edir. Tikinti işləri 2019-cu ilin yanvarında başlayacaq və 2021-2022-ci illərdə başa çatacaq”.