Tanınmış hüquqşüünas Əkrəm Həsənov ölkə vətəndaşlarına Milli Məclisə seçkilərlə bağlı namizədləri yaxşı tanımaq və problemlərin həlli üçün məsləhət verib.
FED.az-ın məlumatına görə, hüquqşünas bildirib ki, vətəndaşlar fəal olsalar artıq indidən namizədlərin gələcəkdə bəzi məsələləri həll etməsinə nail ola bilərlər.
Eləcə də bax: Əkrəm Həsənov 638 iş üzrə DSMF-yə kömək edəcək
Əkrəm Həsənov bildirib:
Sizə bu seçkilərdən öz problemlərinizin həlli üçün necə istifadə edə biləcəyinizi izah etmək istəyirəm. Fərqi yoxdur: seçkilərin düzgün keçiriləcəyinə inanırsız və ya inanmırsız, səsvermədə iştirak edəcəksiniz, ya yox!
Yanvarın 17-dən artıq təşviqat kampaniyası başlayacaq. Yəni sizin seçki dairəniz üzrə bir neçə namizəd sizi inandırmağa çalışacaq ki, məhz ona səs verməlisiniz.
Mütləq əksəriyyətin dediyinin əksəriyyəti yalan olacaq. Amma hər bir halda bundan istifadə etmək lazımdır. Hər birinizin hansısa problemi var. Deputat həmin problemin həllinə necə kömək edə bilər? Müvafiq qanunun qəbul edilməsi yolu ilə. Buna görə də dairəniz üzrə namizədlərlə görüşlərə gedin, xüsusilə seçilmə ehtimalı yüksək olan namizədlərlə. Hətta onlar belə görüş keçirmək istəməsələr belə. Onları tapın və əlinizdə telefon ola-ola, yəni onlarla söhbətinizin videoçəkilişini apara-apara onlardan soruşun ki, sizin problemin həlli üçün nə və necə edəcək. Namizəd seçiləndən sonra videoçəkilişi yayın və verdiyi sözə əməl etməsini tələb edin.
Məsələn, tutaq ki, yaşadığınız evin “kupça”sı yoxdur. Ona görə ki, qanunsuz tikili hesab edilir. Namizədlərdən tələb edin ki, vəd versinlər: bütün qanunsuz tikili olan evlərə “kupça”nın verilməsi haqda qanun qəbul edəcəklər.
Başqa misal: banka 10000 dollardan çox borcunuz var, buna görə də Prezidentin müvafiq güzəşt Fərmanı ilə əhatə olunmur. Namizədlərdən tələb edin ki, məbləğindən asılı olmayaraq bütün dollar kreditlərinin 10000 dollar hissəsinə güzəştin tətbiq edilməsi barədə qanun qəbul etsinlər.
Yaxud da valyutadan asılı olmayaraq borcunuz var, amma ödəniş qabiliyyətiniz yoxdur. Namizədlərdən tələb edin ki, vətəndaşların özlərini müflis elan edə bilməsi haqda qanun qəbul edəcəklər.
Xüsusilə vurğulamaq istəyirəm ki, sırf öz probleminizin həllini istəməyin. Yəni “Ay namizəd, mənə kömək edərsən də seçiləndən sonra!” kimi sözlər deməyin. Ümumi sözlərlə sizi yola verəcəklər bu halda. Sualı belə qoyun: “Mənim belə problemim var. Mənim kimi minlərlə insanın da belə problemi var. Bunun üçün Siz qanun layihəsi hazırlamalısız. Belə layihənin hazırlanmasına söz verirsiz? O qanunu necə görürsüz? Ətraflı bu barədə baxışınızı izah edin!”
Əlbəttə, yaxşı olardı ki, yalnız özünüzə deyil, bütün cəmiyyətimizə aid olan məsələlərin də qanunla həllini tələb edəsiniz namizədlərdən. Məsələn, ölkəni korrupsiya bürüyüb. Tələb edin ki, məmurlar tərəfindən gəlir və xərclərin bəyan edilməsi haqda qanun etsinlər. Və ya nəhayət, Rəqabət Məcəlləsini qəbul etsinlər ki, ölkədə normal sahibkarlıq olsun.
Deputatlar yalnız qanun qəbul etmir. Həmçinin bəzi yüksək vəzifələrə təyinatları təsdiq edir. Məsələn, aprel ayında Mərkəzi Bankın sədri Elman Rüstəmovun səlahiyyət müddəti bitir. Namizədlərdən soruşun ki, xalqı 5 il əvvəl aldatmış Elman müəllimi yenə də vəzifədə saxlamağa səs verəcəkmi? Və ya Milli Məclis Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələrinin hakimlərini təyin edir. Həmin məhkəmələrin qanunsuz qərarları dillər əzbəridir. Nazmiədlərdən vəd almaq lazımdır ki, ən azı həmin məhkəmələrin sədrlərini istefaya göndərəcəklər.
Sonra yaxşı olardı ki, namizədlərdən aşağıdakı məlumatların açıqlanmasını xahiş edəsiz (videoçəkiliş apara-apara): 1) vəzifəli qohumlarının adları; 2) xaricdə yaşayan qohumlarının adları; 3) özlərinin və ailə üzvlərinin əmlakı; 4) mövcud işi və cari aylıq gəliri (xatırladıram ki, hazırda deputatın aylıq gəliri 4331,25 manatdır); 5) təşəbbüskarı olacağı qanun layihələri (ətraflı izahla).
Namizədlərin hüquqi savadını da yoxlamaq pis olmazdı. Heç olmasa Konstitusiyadan bəzi suallar verin onlara, görün təsəvvürləri var ya yox. Çünki onlar qanunlar qəbul etmək iddiasındadırsa, gərək əsas qanunumuzdan məlumatlı olsunlar.
Səsvermədə iştirak etsəniz – mən hər bir halda sizə bunu tövsiyə edirəm – alınan cavablar sizə düzgün seçim etməkdə də kömək olacaq təbii. Əvvəldə də dediyim kimi, sizi heç kəsə səs verməyə çağırmıram. Amma kimə səs verməkdən çəkinmək barədə də tövsiyələrim var.
İlk növbədə çalışın, şou-biznes əhlinə səs verməyin. Onlardan qanun qəbul edən olmaz. Çox gənc (30 yaşı olmayan) və ya çox yaşlı (yaşı 70-dən yuxarı olan) namizədlərə də bel bağlamaq məsləhət deyil. Bir qayda olaraq, birincilər təcrübəsiz, ikincilər isə geridəqalmışdır. Həddən artıq kök olanlara (bir qayda olaraq, iradəsizdirlər), üzündən əyyaşlıq yağan, rəsmi gəliri ayda heç olmasa 2500 manat olmayanlara (əks halda belə çıxır ki, deputatlıq ona gəlir mənbəyi kimi lazımdır) da səs vermək məsləhət deyil.
Sosial şəbəkələrdəki profillərinə baxın, statuslarını oxuyun. Görün nə qədər ciddi adamdır. Yeri gəldi gəlmədi daim şəkillərini bölüşən, xarici səfərlərini reklam edən, həyat yoldaşına publik eşqinamə oxuyan və s. qeyri-ciddi və görməmiş namizədlərdən uzaq dursaz yaxşıdır. Təbii, istisnalar ola bilər. Yaxşı olar ki, namizədiniz sizin ərazidə yaşayan olsun ki, sonralar onunla əlaqə saxlamaq asan olsun.