FED.az məlumat verir ki, yeni koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar bu gündən etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib.
Eləcə də bax: Bu gündən Azərbaycanda karantin rejimi - GÜCLƏNDİRİLİR
Bir sonrakı mərhələ isə fövqəladə rejimin tətbiqidir. Artıq bir sıra ölkələrdə fövqəladə vəziyyət elan olunub. İndi əksər sıravi insanları düşündürən suallardan biri də budur: Fövləqladə rejim nədir və nə zaman tətbiq olunur?
Konstitusiyamıza görə, təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edilir. Ölkə prezidentinin bu barədə imzaladığı fərman 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verilir.
Bundan sonra deputatlar növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, dərhal Milli Məclisinin iclasına gəlməlidirlər. Milli Məclisdə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə sənəd qəbul edildiyi andan 48 saat ərzində onun təsdiqi məsələsinə baxılır və müvafiq qərar qəbul edilir. Sənədin təsdiqi üçün lehinə ən azı 63 səs verilməlidir. Təsdiq edilməzsə, rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir.
Fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.
Fövqəladə hal rejimi nə qədər davam edir?
Bu müvəqqəti tədbirdir. Qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz. Ancaq bu müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, daha 60 gün də uzadıla bilər.
Fövqəladə vəziyyət zamanı tətbiq olunan məhdudiyyətlər
Yuxarıda qeyd etdik ki, epidemiya və ya epizootiyalar baş verdikdə də fövqəladə vəziyyət rejimi tətbiq edilir. Hazırda isə ölkəmizdə koronavirus təhlükəsi artmaqdadır. Vəziyyət daha da ciddiləşərsə, fövqəladə rejimin elan olunacağı güman edilir. Bundan sonra isə konkret şəraitdən asılı olaraq, aşağıdakı məhdudiyyətlər tətbiq olunur:
1. Fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimi, habelə bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılması.
2. İctimai qaydanın və əhalinin, xalq təsərrüfatının həyat fəaliyyətini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi.
3. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər, habelə digər kütləvi tədbirlər keçirilməsinin qadağan edilməsi.
4. Tətillərin qadağan edilməsi.
5. Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanması.
6. Qadağan saatı qoyulması—xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan günün müəyyən vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsi.
7. Qabaqcadan senzura qoymaq yolu ilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması; səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınması.
8. Vəziyyətin normallaşdırılmasına ciddi mane olan siyasi partiyaların, ictimai təşkilatların və kütləvi hərəkatların fəaliyyətinin müvafiq xəbərdarlıqdan sonra dayandırılması.
9. Vətəndaşların toplaşdığı yerlərdə sənədlərin yoxlanması, müstəsna hallarda isə vətəndaşlarda silah olması barədə məlumat olduqda şəxsi yoxlama aparılması, əşyaların və nəqliyyat vasitələrinin yoxlanması.
10. Silah, zəhərli və ya partlayıcı maddələr, döyüş sursatı, spirtli içkilər gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılması və ya qadağan edilməsi; müstəsna hallarda vətəndaşlardan odlu və soyuq silahın, döyüş sursatının, zəhərli və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınması.
11. Fövqəladə vəziyyət rayonunun sakini olmayan və ictimai qaydanı pozan şəxslərin fövqəladə vəziyyət elan olunan ərazinin hüdudlarından çıxarılması.
12. Yaşayış üçün təhlükəli olan rayonlardan stasionar və ya müvəqqəti mənzillər verməklə vətəndaşların müvəqqəti köçürülməsi.
13. Ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi qaydanın tətbiq edilməsi.
14. Karantin qoyulması və digər sanitariya tədbirləri, epidemiya və epizootiya əleyhinə tədbirlər görülməsi.
15. Kövlət və başqa müəssisələrin, idarələrin və təşkilatların ehtiyatlarının səfərbərliyə alınması, onların iş rejiminin dəyişdirilməsi, fəaliyyətlərinin fövqəladə vəziyyət şəraitində zəruri olan məhsullar istehsalına yönəldilməsi, istehsal fəaliyyətində qəza-xilasetmə və bərpa işləri üçün zəruri olan digər dəyişikliklər edilməsi.
16. Dövlət idarələrinin, müəssisələrinin və təşkilatlarının rəhbərləri öz vəzifələrini lazımınca icra etmədikdə onların fövqəladə vəziyyət dövründə işdən kənar edilməsi və vəzifələrinin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması.
17. Müstəsna hallarda təxirə salınmaz qəza-xilasetmə işləri aparmaq üçün əmək təhlükəsizliyini hökmən təmin etmək şərtilə əmək qabiliyyətli əhalinin və vətəndaşların nəqliyyat vasitələrinin səfərbərliyə alınması.
18. Rabitədən istifadə üçün xüsusi qaydalar qoyulması.
Fövqəladə vəziyyətin tələblərini pozanları hansı cəzalar gözləyir?
Mövcud qaydaları pozan fiziki şəxslər 40 manatdan 80 manatadək cərimə edilir. Yaxud işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə ona 15 günədək inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək cərimələnir. Hüquqi şəxslərlə bağlı olduqda isə bu cərimənin məbləği 1500 manatdan 2500 manatadək yüksəlir.
Bakupost