Suriya hökuməti, prezident Bəşər Əsədin əmisi oğlu və ölkənin ən varlı iş adamlarından biri olan Rami Mahlufun, eləcə də Mahlufun həyat yoldaşı və uşaqlarının əmlakını müsadirə etməyi qərara alıb.
FED.az xarici mətbuata istinadən bildirir ki, bundan əvvəl bir müddətdir Mahluf şirkətlərində araşdırmalar davam edib. Əsəd rəhbərliyinin Mahlufdan dövlətə daha çox vergi ödəməsini tələb etdiyi bildirilir.
Suriyanın Maliyyə Nazirinin 19 May 2020-ci il tarixli əmrində şirkətlərin ələ keçirilməsi qərarı "profilaktik ələ keçirmə" olaraq təyin olundu və bunun Suriyadakı telekommunikasiya sahəsində tənzimləyici orqana lazımlı ödənişlərin təmin edilməsi üçün edildiyi bildirildi.
Bir müddət əvvəl Mahlufun şirkətlərinə polis basqınları olmuşdu və bəzi şirkətlərin rəhbərlərinin tutulduğu iddia edilirdi.
Aprelin sonlarında yayımladığı bir videoda Mahluf, dövlət qurumlarının qərarlarını etiraz etmədən yerinə yetirməli olduqlarını söyləyərək, şirkətlərdən qənaət etmələrini və daha yüksək vergi ödəmələrini istədiklərini söyləmişdi.
Suriyanın ən zəngin insanlarından biri
İki gün əvvəl yayımladığı bir videoda Mahluf, Suriya səlahiyyətlilərindən, GSM operatoru Syriatel'in sədr vəzifəsini tərk etməsini istədiklərini bildirdi. Mahluf, Suriyada telekommunikasiyadan daşınmaz əmlaka, inşaatdan neftə qədər bir çox sahədə biznesə malikdir. Rami Mahluf, Suriyadakı iki rabitə şirkətindən biri və MTN-nin kiçik tərəfdaşlarından biri olan Syriatel-in sahibidir.
9 ildir davam edən müharibə səbəbiylə çətin vəziyyətdə olan Suriya iqtisadiyyatı corona virusu epidemiyası ilə daha da çöküb. Mahlufla əlaqəli əməliyyatda bu amilin də rolu olduğu bildirilir.