«Ermənistan və Azərbaycan bu ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər.
Eləcə də bax: KİV: Qərb Paşinyandan ilin sonunadək sülh müqaviləsini imzalamağı - TƏLƏB EDİR
FED.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu barədə razılıq ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə danışıqlarda əldə edilib.
Armen Qriqoryan bildirib ki, bu ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanması, həmçinin sərhədlərin delimitasiyasının başa satması haqqında da razılıq əldə edilib.
«ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər razılaşmanın olmasını müzakirə etdik. Həmçinin delimitasiya məsələsi: razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər aparılacaq”, - deyə Qriqoryan bildirib.
Qeyd edək ki, bu görüş Sallivanın təşəbbüsü ilə sentyabrın sonunda Ağ Evdə baş tutub.
Bununla yanaşı, Erməni tərəfi sərhədlərin hansı xəritə üzrə delimitasiya edilməsini istədiyini də açıqlayıb. Qriqoryan bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhəd 1929-cu ildə delimitasiya olunub. “Qarşılıqlı razılığa gəlmək qalır ki, biz bunu əsas götürək, Ermənistanla Azərbaycan arasında sərhəd kimi bu sərhədi qəbul edək, Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini sığortalayaq və irəli gedək».
Qriqoryan bildirib ki, mexanizmlər məsələsində hələ də aydınlıq yoxdur, lakin belə bir anlayış var ki, bu istiqamətdə hərəkət etmək lazımdır.
Qriqoryan qeyd edib ki, bu yanaşma sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir.
Xatırladaq ki, sülh müqaviləsinin tezliklə imzalanmasını və sərhədlərinin delimitasiyasının başlayıb tezliklə başa çatmasını Azərbaycan tərəfi tələb edirdi, rəsmi İrəvan isə buna müxtəlif üsullarla mane olmağa çalışırdı.
İndi Ermənistanın sülh qrafikini qəbu etməsi rəsmi Bakının danışıqlardakı ciddi uğurudur.