Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur.
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə - 20 İL HƏBS VERİLİB
FED.az “Pastinfo” saytına istinadən xəbər verir ki, Azərbaycan hərbçisi Hüseyn Axundovun öldürdüyü iddia edilən şəxsin yaxınları ona verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər.
Onlar məhkəmə qərarından şikayət verərək, Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum olunmasını tələb edirlər.
Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Məlum olub ki, onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Az sonra hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunublar. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
Aqşin Bəbirov 11,5 il, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub. (Apa)