Ermənistan ordusu Azərbaycana qarşı Çin istehsalı olan “WM-80” reaktiv yaylım atəşi sistemindən (RYAS) istifadə edir.
Eləcə də bax: Düşmənin “Qrad”ları - Məhv Edilib
Ermənistan ordusunun arsenalında olan 273 mm-lik “WM-80” RYAS Çin hərbi sənayesi tərəfindən istehsal olunur.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Hərbi Analiz” yazır ki, bu sistemlərin seriyalı istehsalına 1990-cı ildə başlanıb və “NORİNCO” korporasiyası tərəfindən ixraca təklif olunan 273 mm çaplı “WM-80” RYAS-ın hazırda Ermənistan və İordaniyanın silahlanmasında yer alır. WM-80 buraxıcı qurğusu yükqaldırma qabiliyyəti 20 ton olan 8×8 təkər formullu “Shandonq Taian TAS5380” yük maşınlarında qurulub.
Keçmiş SSRİ-nin “Smerç” tipli RYAS-lərinin “klonu” adlandırılan WM-80-ın atəş idarəetmə sistemi, sistemin konstruksiyaları və doldurulma mexanizmi çox oxşardır. Buraxıcı kompleks 8 borudan ibarətdir və 60 dərəcə qalxma bucağı altında atəş açmağa imkan verir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, sistemin marş halından döyüş halına gətirilməsi 3-5 dəqiqəyə mümkündür. WM-80 raketinin birinin çəkisi 505 kq, döyüş başlığı 150 kq, atəş uzaqlığı 34-80 km-dir.
Çin WM-80 modeli yaradıldıqdan sonra onu son 27 ildə cəmi iki ölkəyə ixrac edə bilib. Burada meydana çıxan digər sual isə onun Çin Ordusunun silahlanmasında yer almamasıdır. WM-80 modelindən sonra çinlilər atəş uzaqlığının artırılması üçün sistemi daha da modernləşdirmək qərarına gəliblər. Böyük işlərin getməsinə baxmayaraq, sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmayıb. Sistem özü demək olar ki, dəyişilməz qalsa da, yeganə nailiyyət raketlərə 120 km (WM-120) məsafəyə qədər uzaqlığın verilməsi sayıla bilər.
273 mm çaplı “WM-80” reaktiv yaylım atəşi sisteminin texniki göstəriciləri belədir:
İstehsalçı ölkə: Çin
İstehsalçı firma: Norinco korporasiyası
Tip: Reaktiv yaylım atəş sistemi
İstehsal tarixi: 1990
Xidmətə giriş ili: 1990 – günümüzə
Lülə diametri: 273 mm
Lülə sayı: 8 ədəd
Doldurulma: 5–8 dəq
Döyüşə hazır vəziyyətə gətirilmə: 3–5 dəq
Şaquli qalxma bucağı: +20º… +60º
Üfüqi tuşlama bucağı: ±20°
Raketin çəkisi: 505 kq
Döyüş başlığının çəkisi: 150 kq
Minimal atəş məsafəsi: 34 km
Maksimal atəş məsafəsi: 80 km
Şassi: Shandonq Taian TAS5380
Heyət üzvü: 5 nəfər
Ağırlıq: 18 ton
Yükqaldırma qabiliyyəti: 20 ton
Uzunluğu: 9.55 m
Eni: 3.06 m
Hündürlüyü: 3.30 m
Təkər formulası: 8×8
Mühərrik: Deutz turbo dizel
Güc: 517 a.g.
Maksimal sürət: 80 km/s
Döyüş radiusu: 800 km
İstifadə edən ölkələr: Ermənistan, İordaniya.