Ermənistan rəsmiləri Azərbaycanla sülh, gələcək əməkdaşlıq, hətta qarşılıqlı ticarət barədə maraqlı bəyanatlar verməyə başlayıblar.
Erməni spiker: "Azərbaycan üçün gələcək təhlükələrin qarşısını almaq vacibdir"
FED.az xəbər verir ki, bu dəfə Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla indiki münasibətlər və gələcək əməkdaşlıq barədə açıqlama verib.
O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyacaq, bura ölkələrin mallarının digər ölkədə satışı da aiddir:
«Bizim vahid erməni–azərbaycan bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər — bu qaçılmazdır”, – deyə Simonyan vurğulayıb.
Buna sübut kimi, Simonyan qeyd edib ki, artıq Moskvada və digər ölkələrdə çoxsaylı azərbaycanlı və erməni birlikdə biznes qurur, dostluq edir və normal münasibətlər saxlayır.
Ermənistan parlamentinin rəhbəri iki ölkə arasında indiki vəziyyət, daha dəqiqi, sərhəddəki vəziyyəti də açıqlayıb. O bildirib ki, hər iki tərəfdə hələ də həssaslıq qalır: «Biz insan öldürmədikmi, azərbaycanlı tərəfdən adamlar ölmədimi?”, – deyə spiker xatırladıb. Erməni siyasətçiinfikrincə, bu gərginlik zamanla aradan qalxacaq, çünki əsas prioritet sərhədlərin açılması və kommunikasiya xətlərinin tezliklə bərpa edilməsidir.
Azərbaycan qoşunlarının Ermənistan ərazisini tərk etməməsi ilə bağlı iradlara cavab olaraq Simonyan qeyd edib: «Bəs Azərbaycan ərazisində erməni qoşunları yoxdurmu? Bu, sərhədin delimitasiya olunmayan hissələrinə aiddir. Təkcə anklav deyil, onlar bir çox yerlərdə öndədirlər, bir çox yerlərdə biz irəlidəyik. Onlar Ermənistanın 210 kvadrat kilometr ərazisinə, biz isə tutaq ki, onların 110 kvadrat kilometr ərazisinə nəzarət edirik. Məsələn, Tavuşda».
Parlamentin spikeri etiraf edib ki, azərbaycanlılar böyük yerlərdə qabaqdadırlar. Onnu sözlərinə görə, hazırda Tavuşda iş gedir və Sünikdə (Zəngəzur ərazisində) artıq bir çox yerlərdə sərhədçilər yerləşdirilib.
Simonyan işarə edib ki, Ermənistan daha böyük ölkələrin əlində alət olmaq istəmir: «Kiçik ölkələr həmişə böyük dövlətlərə öz təsirlərini yaymaq üçün alver predmeti və alət olub. Bir ölkənin, sonra digərinin qucağına tələsməməliyik, çünki bütün xarici mərkəzlərin öz maraqları var», – o vurğulayıb.