Almaniya 2023-cü ildə rekord sayda miqranta vətəndaşlıq verib.
FED.az xəbər verir ki, 2023-cü ildə Almaniyada 200 min nəfər rəsmi vətənldaşlıq – alman pasportu alıb. Bu ötiən illə müqayisədə 19% artıq, 2000-ci ildən bəri isə rekord göstəricidir.
Almaniyanın statistika xidmətinin məlumatına görə, 2023-cü ildə Almaniyda ən çox vətəndaşlıq alanlar – suriyalılar, iraqlılar, türklər, rumın və əfqanlar olub.
Belə ki, ötən il Almaniyada 75 500 suriyalı yeni vətəndaş olub. Bu yeni vətəndaşlıq alanların ən böyük qrupudur. Səbəbi – 2014-2016-cı illərdə suriyalıların Almaniyaya axın etməsi və son nəticədə vətəndaşlığadək gəlib çatmalarıdır. Türkiyə və İraq vətəndaşları isə hərəyə 10 400 nəfər vətəndaşlıq alıb. Bundan başqa, 2023-cü ildə Almaniyada 7600 rumın vətəndaşlıq alıb – bu əvvəlki ildən 8% artıqdır. Almaniyada vətəndaşlıq alan əfqanların sayı isə 55% artaraq 6500 nəfər olub.
Son məlumatlara görə, hazırda Almaniyada yaşayanların 14%-i və ya 12 milyon nəfər alman pasportuna malik deyil. Bunların arasında 5,3 milyon nəfər ölkədə artıq 10 ildir ki, yaşayır.
Yeni vətəndaşların sayının artmasının səbəbi Almaniyada aparılan miqrasiya islahatları olub. Ölkədə çatışmayan işçi qüvvəsini kompensasiya etmək üçün qəbul edilən qərarlara görə, Almaniyada yaşayış icazəsi və vətəndaşlıq almaq asanlaşıb.
Əsas dəyişikliklərdən biri başqa ölkələrin vətəndlaşlarına da öz ölkəsinin vətəndaşlığından imtina etmədən Alman vətəndaşlığı almaq icazəsinin verilməsidir. Bundan başqa, əvvəllər Almaniyada vətəndaşlıq almaq üçün yalnız 8 il yaşadıqdan sonra müraciət etmək olardı. İndi isə bu müddət 5 ilə endirilib.