Ötən ilin aprel ayından bu ilin mart ayınadək olan müddət ərzində 100 ən iri şirkətin bazar sərmayəsi 21 trilyon dollar təşkil edərək rekord həddə çatıb.
FED.az Report-a istinadən xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq konsaltinq şirkətinin hər il tərtib etdiyi “Global Top 100 Companies” reytinqinə əsasən, bu ildə ən iri şirkətlərin sərmayəsi 5 faiz, ötən il isə 15 faiz artıb. Artım əsasən ABŞ şirkətləri hesabına əldə edilib, halbuki 2018-ci ildə sərmayəsi artan Çin və Avropa şirkətlərində bu göstərici azalır.
Bazar sərmayəsinin həcminə görə TOP 10-da daha çox texnologiya sektoru və online ticarət şirkətləri daxildir. Belə ki, üç böyüklər “Microsoft”, “Apple”, “Amazon”dur. Hərçənd artıq 7 ildir reytinqə başçılıq etmiş “Apple” ikinci yerə keçib. Sonrakı yerləri ardıcıl olaraq ”Alphabet”, “Berkshire Hataway”, “Facebook”, “Alibaba”, “Tencent” tutur. Həmçinin artıq 5 il dalbadal ABŞ şirkətləri TOP 100-ün yarısından çoxunu (54) təşkil edir. Dünya bazar sərmayəsində ABŞ şirkətləri 63 faizlik paya sahibdir.