22 Mart - Dünya Su Resursları Günü ilə əlaqədar “Azərsu” ASC və qurum yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə” mövzusunda videokonfrans formatında müzakirələr keçirilib.
Bu barədə FED.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Rauf Zeyni bidirib ki, son illər müşahidə olunan iqlim dəyişiklikləri şirin su ehtiyatlarının azalmasına səbəb olub. Əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunan bu tendensiyanın təsirlərini azaltmaq üçün hökumət səviyyəsində kompleks tədbirlər görülür. Belə şəraitdə istehlakçıların sudan qənaətlə istifadəsi təşviq edilməlidir və bu işdə vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür.
Konfransda çıxış edən BDU-nun prorektoru, coğrafiya elmləri doktoru Fərda İmanov, Xəzər Universitetinin mərkəz rəhbəri, İctimai Şuranın üzvü Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov, “Azərsu”yun şöbə rəisi Elkin Rüstəmov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, Fövqəladaə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin şöbə müdiri Sevinc Quliyeva, "Azad İstehlakçılar" İctimai Birliyinin sədri, İctimai Şuranın üzvü Eyyub Hüseynov, BMT-nin Ərzaq və Kənd Təsərüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Aynur Seyidyusif, "Sukanal" Elmi-Tədqiqat Layihə İnstitutunun direktor müavini Rəşail İsmayılov və digər iştirakçılar Azərbaycanın şirin su ehtiyatlarının dinamikası və gözləntilər, suvarma, sənaye və məişətdə su ehtiyatlarından səmərəli istifadə, onun təşviqi məsələlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, azalan su ehtiyatlarından inteqrasiyalı və səmərəli istifadə təbiətə, təsərrüfatlara mənfi təsirlərini minimuma endirməyə imkan verəcək.
Konfransda Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin icrası istiqamətindəki işlərin əhəmiyyətindən danışılıb, Planın 7-ci bəndində nəzərdə tutulan maarifləndirmə işlərində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin xüsusi fəallığının vacibliyi diqqətə çatdırılıb, qeyri-hökumət təşkilatlarının bu istiqamətdə təbliğat və təşviqat layihəri həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
BMT Baş Assambleyasının 22 dekabr 1992-ci il tarixli qətnaməsinə əsasən 1993-cü ildən başlayaraq hər il mart ayının 22-si Dünya Su Resursları Günü kimi qeyd edilir.