Xəbər verildiyi kimi, oktyabrın 9-dan etibarən Türkiyə silahlı qüvvələri Suriyanın şimalında - Türkiyə ilə sərhəd bölgəsində hərbi əməliyyata başlayıb.
FED.az xəbər verir ki, rəsmi Ankara ölkənin cənub sərhədlərini silahlı kürd birləşmələrindən və digər terrorçulardan qorumaq üçün Suriya ərazisində eni 20 kilometr, uzunluğu 180 kilometr olan təhlükəsizlik zolağı yaratmağa başlayıb. Bölgədəki maraqlı tərəflər Türkiyənin əməliyyatına fərqli münasibət göstəriblər.
Eləcə də bax: Trampdan Suriya - QƏRARI
Suriya: «Bu əməliyyat suverenliyimizin pozulmasıdır»
Suriyanın özündə Türkiyənin əməliyyatını beynəlxalq hüquq normalarının və ölkənin suverenliyinin pozulması sayırlar. Rəsmi Dəməşq elan edib ki, Suriya hökuməti öz ərazi bütövlüyünü qorumağa hazırdır.
Suriya XİN-də bildiriblər ki, Türkiyə bu əməliyyata başlasa, Astana prosesinin həlli ilə bağlı (Suriyadakı siyasi böhranın həlli üçün Rusiya, İran və Türkiyənin iştirakı ilə başlayan proses) təminatçı ölkə statusunu itirəcək. Suriyalı diplomatlar bildirir ki, bu əməliyyatlar siyasi böhranın həll edilməsinə böyük zərbə olacaq.
Yeri gəlmişkən, Türkiyə hökuməti Suriyanın İstanbul baş konsulluğuna bu ölkənin şimal ərazilərində “Barış pınarı” adlı antiterror əməliyyatlarına başladıqları barədə müvafiq nota təqdim edib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
BMT Təhlükəsizlik Şurası: «Təmkinli olun»
Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması ilə əaqədar olaraq BMT Təhlükəsizlik Şurası tərəfləri maksimum təmkinli olmağa çağırıb. Bu barədə hazırda Təhlükəsizlik Şurasında sədrlik edən Cənubi Afrika Respublikasının BMT-dəki nümayəndəsi Cerri Metyus Matçila bildirib.
O bildirib ki, Suriyadakı münaqişənin hərbi yolla həlli yoxdur: «Biz tərəfləri milli öhdəliklərinə əməl etməyə və BMT-nin 2254 saylı qətnaməsini yerinə yetirməyə çağırırıq». Həmin qətnaməyə görə, Suriyə hökuməti və müxalifəti danışıqlara başlamalı, yeni konstitusiya qəbul etməli və 18 ay ərzində yeniseçkilər keçirilməlidir.
Avropa İttifaqı: Əməliyyatı dayandırmağa çağırırıq»
Avropa İttifaqı Türkiyəni hərbi əməliyyatı dayandırmağa çağırıb. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Parlamentinin Brüsseldəki iclasında çıxış edərkən bildirib. Yunker bildirib ki, «Türkiyə bizim müttəfiqimizdir, biz etiraf edirik ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqları var. Amma bununla yanaşı, mən Türkiyəni və digər oyunçuları təmkinli və məsuliyyətli davranmağa çağırıram. Mən Ankaranı hərbi əməliyyatı dayandırmağa çağırıram. Hərbi müdaxilə mülki vətəndaşların indiyədək də təsvir edilməsi çətin olan əzablarını bir qədər də artıracaq.
Rusiya: «Suriyanın ərazi bütövlüyü qorunmalıdır»
Prezident Ərdoğan Suriyadakı əməliyyatı Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib. Putin rəçmi Ankaranı bütün xüsusiyyətləri ölçüb-biçməyə və öz hərbi əməliyyatı ilə Suriyadakı vəziyyətin həlli ilə bağlı görülən işlərə zərər vurmamağa çağırıb. Söhbətlə bağlı Kremlin açıqlamasında bildirilir ki, hər iki tərəf (yəni Rusiya və Türkiyə) Suriyanın vahidliyini və ərazi bütövlüyünün təmin edilməsini, eləcə də onun suverenliyinə hörmət edilməsini vacib sayıblar.
Əgər Türkiyənin əməliyyatı Suriyanın ərazi bütövlüyünə təhlükə yaratsa, bütün diplomatik mexanizmlər işə salınacaq, o cümlədən BMT Təhlükəsizlik şurasının iclası çağırıla bilər. Bunu isə Rusiya Federasiya Şurasının (Rusiyanın parlamentinin yuxarı palatası sayılır və senatorlardan ibarətdir – FED.az) beynəlxaq komitəsinin sədr müavini Vladimir Cabarov bildirib. Senator həm də narazı qalıb ki, Türkiyənin əməliyyatı Suriyada siyasi proseslər başa çatmadan başlanıb.