Dubay hakimiyyəti əmirlikdə fəaliyyət göstərən xarici banklara 20 faiz vergi tətbiq edib.
FED.az xəbər verir ki, yeni qanun bütün xarici banklara, o cümlədən əmirliyin azad iqtisadi zonalarında qeydiyyatdan keçmiş banklara şamil ediləcək.
Dubay hökmdarı və BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum əmirlikdə fəaliyyət göstərən xarici banklara illik 20% vergi tətbiq edən qanun qəbul edib. Bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yeni qanun bütün xarici banklara, o cümlədən əmirliyin azad iqtisadi zonalarında qeydiyyatdan keçmiş banklara şamil ediləcək. İstisna Dubay Beynəlxalq Maliyyə Mərkəzində fəaliyyət göstərmək üçün lisenziyası olan banklar olacaq.
"Xarici bank 2022-ci il tarixli 47 saylı Federal Qanunun müddəalarına uyğun olaraq 9% korporativ vergiyə cəlb edilərsə, onda onun məbləği vergi öhdəliklərinin ümumi məbləğindən çıxılacaq" - deyə Dubay hökumətinin mətbuat xidməti vurğulayıb.
Bu qanunla bağlı birinci pozuntuya görə 500 min dirhəmə qədər (136,13 min dollar) cərimə nəzərdə tutur. İki il ərzində təkrar pozuntu halında kredit təşkilatını 1 milyon dirhəmə (272,26 min dollar) qədər cərimə gözləyir.