ABŞ Yaxın Şərqin neft və qazına möhtac deyil.
FED.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter"dəki səhifəsində yazıb.
“Son bir neçə ildir enerji sahəsində o qədər irəli getmişik ki (sağ olun, cənab prezident!)... Yaxın Şərqin neft və qazı bizə lazım deyil, həqiqətən, tanker sayımız çox azdır, amma müttəfiqlərimizə kömək edəcəyik”, - dövlət başçısı yazıb.
Qeyd edək ki, bu paylaşım Səudiyyə Ərəbistanındakı neft sənayesi obyektlərinə hücumlardan və nəticədə bu ölkədəki gündəlik neft hasilatının 5,7 milyon barel azalmasından sonra meydana gəlib.
Bu hücumların məsuliyyətini Yəməndəki husi qiyamçıları üzərlərinə götürsələr də, ABŞ hökuməti İran hökumətini ittiham edib. İran XİN həmin ittihamları rədd edib.