ABŞ həqiqətən də Qrenlandiyanı tərkibinə qatmaq istəsə Vaşinqtona adadakı separatçıları maliyyə vəsaiti və informasiya dəstəyi ilə təmin etmək, o cümlədən adada “insan hüquqlarının pozulmasını aşkara çıxarmaq” kifayət edəcək
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi sayılan Qrenlandiya adasını almaq fikrinə düşüb. Belə ki, Amerika mediasının verdiyi məlumata görə, Tramp bu mövzunu bir neçə dəfə müşavirləri ilə müzakirə edib.
Dünyanın ən böyük adasının rəsmilərinin isə Trampın yeni həvəsinə cavabı özünü çox gözlətməyib: qrenlandiyalılar satışa yox, biznesə açıq olduqlarını bəyan ediblər.
FED.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, RİA Novosti-nin analitiki İvan Danilov hesab edir ki, Danimarka Qrenlandiyanı xoşluqla ABŞ-a satmasa, Tramp adanı “zorla” ala bilər.
Onun fikrincə, rəsmi Kopenhagen Qrenlandiyanı satmağa razılıq vermədiyinə görə peşman ola bilər. Belə ki, Arktika uğrunda gedən qızğın geosiyasi mübarizəni nəzərə alsaq, Vaşinqtonun ada üzərində idarəni ələ keçirmək üçün başqa vasitələrə əl atacağı ehtimalı var.
“Sadə dillə desək, Danimarka hökumətinin “xoşluqla” satmaq istəmədiyini zorla götürmək” – Danilov qeyd edib.
Onun fikrincə, Vaşinqtonun geostrateji maraqları baxımından adanın Danimarkanın idarəsi altında qalmasına razılıq vermək ABŞ üçün laqeyd bir addım olardı.
Müəllif həmçinin “Financial Times” nəşrinin yaydığı məlumatı da xatırladır: keçən il ABŞ Danimarkaya xəbərdarlıq edərək, Çinin Qrenlandiyada üç hava limanı tikmək marağının olduğunu bildirib; nəticə etibarilə isə Kopenhagen Çini Qrenlandiyaya buraxmamaq üçün hava limanlarının tikintisinə maliyyə ayırmağa məcbur olub.
“Financial Times” məlumatında bildirib ki, Pekin keçən ilin yanvarında Arktikaya dair dərc etdiyi ilk rəsmi sənədində Qrenlandiyaya olan marağını elmi tədqiqatdan kommersiya sahəsinə keçirdiyini bildirilib.
Danilov xatırladır ki, bu ilin mayında ABŞ Dövlət Katibi Mayk Pompeo Finlandiyaya səfəri zamanı Çinin və Rusiyanın Arktikada “aqressiv” hərəkətlərini tənqid edib.
“Amerika üçün vaxt gəlib çatıb ki, özünü arktik qüvvə kimi tanıtsın” – Pompeo deyib.
Müəllifin sözlərinə görə, bu məsələdə vacib bir məqama diqqət yetirmək lazımdır: “Qrenlandiya potensial (və hələ də tam olaraq istismar olunmamış) yeraltı sərvətlərinə, balıq resurslarına və əhəmiyyətli strateji mövqeyinə baxmayaraq, Danimarka krallığının dotasiya alan bir hissəsidir. Qrenlandiya büdcəsinin təxminən 50 faizi Danimarkanın dövlət xəzinəsindən ödənilən dotasiyaların payına düşür və “The New York Times” nəşrinin hesablamalarına görə, bu dotasiyalar ildə 740 milyon dollar (yəni hər sakin üçün təxminən 13 min dollar) təşkil edir”.
Danilov qeyd edir ki, adada həmçinin Danimarkadan ayrılmağı dəstəkləyən hərəkat mövcuddur və Kopenhagen mütəmadi olaraq müstəmləkəçilikdə və adaya gələn xarici sərmayələrin qarşısını almaqda günahlandırılır.
Müəllifin sözlərinə görə, rəsmi Pekin Qrenlandiyanın Danimarkadan ayrılacağı təqdirdə adanın əhalisini xoşbəxt və gəlirli həyat ilə təmin edəcək xarici himayədar sayılır. Lakin Trampın adanı almaq marağının yaranması ilə Qrenlandiya separatistlərinin əlinə güclü təbliğat aləti düşür:
“Onlar artıq deyə biləcəklər ki, Kopenhagen onları ABŞ-ın 52-ci ştatının vətəndaşları kimi gözəl gələcəkdən məhrum edir və bu cür təbliğat Çinin təklif edəcəyi hər hansı digər bir alternativdən daha cəlbedicidir”.Tanınmış danimarkalı ekspertlər düşünürlər ki, Trampın təklifindən sonra Qrenlandiyanın maliyyə perspektivlərinin yaxşılaşması fonunda separatçı diskussiyalar kəskinləşəcək.
Danilovun fikrincə, ABŞ həqiqətən də Qrenlandiyanı tərkibinə qatmaq istəsə Vaşinqtona adadakı separatçıları maliyyə vəsaiti və informasiya dəstəyi ilə təmin etmək, o cümlədən adada “insan hüquqlarının pozulmasını aşkara çıxarmaq” kifayət edəcək.