Çin Dövlət Radio və Televiziya Administrasiyası ölkədə BBC-nin yayımının dayandırılması barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, administrasiya öz qərarını BBC-nin Çin ilə bağlı məsələlərdə ciddi məzmun pozuntularına yol verməsi ilə əlaqələndirib.
Qurum bəyan edib ki, "BBC World News" reportajların obyektiv və qərəzsiz olmasını, habelə Çinin milli maraqlarına və etnik həmrəyliyinə uyğun olmasını tələb edən əcnəbi teleradio kanallarının yayımı haqqında qaydaları pozub.
Bütün bunlar nəzərə alınaraq "BBC World News" kanalının Çin ərazisində fəaliyyətini davam etdirməsinə icazə verilməyib. Çin Dövlət Radio və Televiziya Administrasiyası növbəti il üçün kanalın yayım müraciətini qəbul etməyəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın teleradio tənzimləyici qurumu olan OFCOM Çin Mərkəzi Televiziyasının ingilis dilindəki CGTN kanalının lisenziyasını tələblərə cavab vermədiyi üçün ləğv edib.
Qurum mövqeyinə görə, kanalın redaksiya siyasətinə şirkət deyil, Çin Kommunist Partiyası rəhbərlik edir. Britaniya qanunları isə yayım lisenziyası olan kanalın heç bir siyasi qurum tərəfindən idarə olunmamasını tələb edir.