Rusiya hərbi qüvvələrinin çəkilməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzərində Ukrayna bayrağı qaldırılıb.
CNN xəbər verir ki, bu barədə Ukraynanın “Energoatom” dövlət şirkətinin “Telegram” hesabında yaydığı bəyanatda bildirilib.
“Bu gün, 2 aprel saat 11:00-da Ukrayna himni oxunaraq Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb. Çernobıl AES-in fevralın 24-də işğal başlayandan ağır şərtlər altında qəhrəmancasına çalışan, stansiyada və yaxınlıqdakı müəssisələrdə nüvə və radiasiya təhlükəsizliyini təmin edən bütün heyəti mərasimdə iştirak edib”, - bəyanatda qeyd olunub.
Əlavə olunub ki, AES-i ələ keçirən Rusiya hərbçiləri iki kolon şəklində Ukrayna-Belarus sərhədinə hərəkət ediblər.
Qeyd edək ki, AES və ətrafındakı ərazilər fevralın sonlarında Rusiya qoşunlarının nəzarətinə keçmişdi (APA).