Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir.
FED.az xəbər verir ki, bunu Milli Məclisdə 2020-ci il dövlət büdcəsi layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların təkliflərini cavablandıran Maliyyə naziri Samir Şərifov bildirib.
Eləcə də bax: Maliyyə hesabatını açıqlayan siyasi partiyalar - SİYAHI
S.Şərifov çıxışında gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq məsələlərdən danışaraq deyib ki, Azərbaycan Prezidentinin Sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğunun yaradılması ilə bağlı xərclər üçün 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif olunur.
Maliyyə naziri əlavə edib ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respubilkanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasyia məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dölət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasınn büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq.
Azərtac