Bu ilin əvvəlindən bəri Aralıq dənizi ilə Avropaya keçən miqrant və qaçqınların sayı 50 min nəfəri ötüb. Habelə 1440 miqrant ölüb və ya itkin düşüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
FED.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi Coel Millman Cenevrədə keçirilən brifinqdə Avropaya gələn miqrant və qaçqınların təxminən 35 faizinin İtaliya və İspaniya, 29 faizinin Yunanıstan tərəfindən qəbul edildiyini bildirib. Xatırladıb ki, keçən ilin müvafiq dövründə Aralıq dənizi ilə Avropaya 110 min miqrant, 2016-cı ildə isə 242 min miqrant keçib.
C.Millman İspaniyaya gedən miqrant və qaçqınlarının sayının kəskin artmasına da diqqət yetirib. Qeyd edib ki, ilin əvvəlindən bu ölkəyə 18 min 16 nəfər miqrant və qaçqın gəlib. Bu baxımdan İspaniya cari ildə İtaliya və Yunanıstanı geridə qoyub. Bundan başqa, 2874 miqrant Seuta və Melilyaya keçməyə cəhd göstərib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən 2186 miqrant və qaçqın həlak olub. Bununla belə Aralıq dənizi Avropaya miqrasiyada ən təhlükəli marşrut olaraq qalır.