Bu gün Azərbaycanın ilk milli kinoaktrisası Izzət Orucovanın doğum günüdür. İzzət xanım 16 sentyabr 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. İnsanların, cəmiyyətdə qadınların sosiallaşmasına, xüsusilə, səhnədə görünməsinə alışmadığı zamanlarda cəsarətlə filmə çəkilən Orucova hələ tələbəlik illərindən Azərbaycanfilmlə əməkdaşlıq etmiş, 1929-cu ildə C.Cabbarlının pyesləri əsasında lentə alınmış “Sevil”, 1936-cı ildə “Almaz” filmlərində baş rollarda çəkilmişdir.
İzzət Orucova "Sevil" filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir: "Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, "Sevil" filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C.Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi".
İzzət Orucovanın elm sahəsində də xidmətləri əvəzsizdir. O, V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olmuşdur.
Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Azərbaycanlı kimyaçı alim, Azərbaycanın ilk milli kinoaktrisası, AMEA-nın akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi olan İzzət Orucova 1983-cü il 22 aprel tarixində həyata əbədi olaraq gözlərini yumub.
Bu gün Azərbaycanın ilk “Sevil”inin doğum günüdür
10:12
16 Sen 2016