Böyük Britaniyadakı italyan restoranları qiymətlərin artması səbəbindən yeməklərindən, xüsusilə pizza və makarondan pomidorları kəsmək məcburiyyətindədirlər.
FED.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
«Pomidorsuz makaron və ağ pizzaya hazır olun. Böyük Britaniyadakı italyan restoranları pomidordan istifadəni məhdudlaşdırmağa, qiymətləri qaldırmağa və bəzi hallarda qiymətlərin artması ilə «Pasta al Pomodoro»nu menyudan birdəfəlik çıxarmağa məcbur olurlar»-deyə qəzet yazır.
İngiltərədəki İtalyan Aşpazlar Federasiyasının məlumatına görə, bir il ərzində ölkədə pomidorun bir qutusu 5 funt-sterlinqdən 20 funt-sterlinqə qalxıb, kahısının bir qutusu isə 7 funt-sterlinq əvəzinə 22 funt-sterlinqə başa gəlməyə başlayıb.
Federasiya sədri Enzo Oliverinin qeyd etdiyi kimi, bəzi italyan restoranları ölkədə qiymətlərin artması və Brexit səbəbindən bağlana bilər.
Oliveri həmçinin İngiltərə hökumətini pomidorun qiymətinə tavan tətbiq etməyə çağırıb.
Xatırlaaq ki, bundan əvvəl Britaniya Milli Fermerlər İttifaqının prezidenti Minette Batters «Sky News» telekanalına müsahibəsində etiraf etmişdi ki, Böyük Britaniya supermarketlərdə pomidor, xiyar və gül kələm qıtlığı ilə üzləşə bilər. Batters belə bir ssenarinin ölkədə qiymətlərin xeyli artması nəticəsində yaranmış kənd təsərrüfatı böhranı çərçivəsində mümkün olduğunu izah edib.