Boliviya Prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.
FED.az xəbər verir ki, Morales bu qərarı ölkənin hərbi qüvvələri onu istefa verməyə çağırdıqdan sonra qəbul edib. Belə ki, Boliviya hərbi qüvvələrinin komandanı Uilyams Kaliman Evo Moralesi istefaya getməyə çağıraraq bildirmişdi ki, Moralesin istehfa verməsi ölkəyə sülh və sabitlik gətirə bilər.
Eləcə də bax: 10 000 000% inflyasiya! – VENESUELA TARİXİ DƏYİŞİR
Qeyd edək ki, müxalifət və əhali Moralesin oktyabrın 20-xdə 4-cü dəfə prezident seçilməsinə qarşı çıxış edir. Prezident isə bu tələblərin konstitusiyaya zidd, qanunsuz olduğunu bildirir və bu hərəkəti çevriliş cəhdi adlandırırdı.
Amma əhalinin etirazlarından, polisin ölkənin bəzi regionlarında etirazçıların tərəfinə keçməsindən, ordunun tərəfsiz qalacağını açıqlamasından sonra Evo Morales bu gün yeni seçki elan etməyə məcbur oldu.
Xatırladaq ki, Evo Morales 2005-ci ildə hakimiyyətə gəlib. Əvvəlcə Konstitusiyaya dəyişiklik edərək bir nəfərin 2 dəfədən artıq seçilməsinə qadağa qoyan müddəanı ora daxil edib, lakin o ikinci dəfə seçildikdən sonra Ali Məhkəmə qərar qəbul edib ki, Konstitusiya dəyişikliyi Moralesin 2005-ci ildəki ilk seçkisindən sonra gerçəkləşdiyi üçün onun birinci prezidentlik müddəti hesaba alınmır. Beləliklə, Morales 3-cü dəfə prezident seçilib.
2016-cı ildə Moralesin növbəti, 4-cü dəfə seçkidə iştirakını təmin etmək üçün Konstitusiya referendumu keçirilsə də, xalq bu təklifi rədd edib. Lakin hökumət bildirib ki, Amerikanın əks-təbliğatı burada rol oynadığı üçün nəticələr qanunsuzdur. Ali Məhkəmə isə qərar qəbul edib ki, ümumiyyətlə, prezidentlik müddətini məhdudlaşdıran müddəa Konstitusiyaya ziddir. Bununla Morales bu il oktyabrın 20-də keçirilən prezident seçkilərində iştirak etmək hüququ qazanıb. MSK onun ilk turda seçildiyini elan etsə də, ölkədə etirazlar başlayıb. ABŞ, Amerika Dövlətləri Təşkilatı və Avropa Birliyi də seçkinin nəticələrini tanımayıb.