BMT bəyan edib ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum irimiqyaslı regional münaqişəyə səbəb ola bilər. Bu bəyanatı BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits verib.
FED.az təşkilatın saytına istinadla xəbər verir ki, xüsusi nümayəndə sentyabrın 14-də Səudiyyə Ərəbistanın neft obyektlərinə hücumun bu ölkədə neft hasilatını kəskin şəkildə azaltdığını və onun hüdudlarından kənarda da mənfi proseslərə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu insident nəticəsində Yəmən ən azı regional münaqişənin mərkəzinə çevriləcək və bu ölkə tamamilə yox olmaq təhlükəsi ilə üzləşəcək.
Martin Qriffits əlavə edib: “Hələ ki, bu hücumların arxasında kimlərin olduğu məlum deyil. Lakin “Ənsar Allah” hərəkatının məsuliyyəti öz üzərinə götürməsi artıq həyəcan doğurur. Yekunda nəyin aydınlaşacağından asılı olmayaraq, acıq-aşkar görünür ki, Yəmən bizim hamımızın can atdığımız sülhdən daha çox uzaqlaşır. Burada regional sabitliyin pozulması ehtimalı da gündən-günə artır. Biz bu müharibənin təkcə Yəmən xalqının həyatını və rifahını alt-üst etdiyini görmürük. Təhlükə ondadır ki, Yəmənin özü bir ölkə kimi tamamilə yox ola bilər”.
Qriffits BMT TŞ-nin üzvlərini təxirəsalınmaz tədbirlər görməyə və hadisələrin bu ssenari üzrə davam etməsini əngəlləməyə çağırıb. O, Şuranın üzvlərinə Ədəndə və Yəmənin digər şəhərlərində mövcud olan vəziyyətlə bağlı məlumat verib, burada əsas liman şəhəri olan Hodeydada Stokholm sazişinə uyğun olaraq atəşkəs rejiminə əməl olunmasından danışıb. O əlavə edib ki, Yəməndə ən təhlükəli yer Husitlərin əlində olan cənub bölgəsidir.
Azərtac