2022-ci il martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bezirgen Qarayev məlumat verib.
Bu ərəfədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının növbədənkənar iclasında çıxış edərkən deyib ki, gənc rəhbərlərin dövlət idarəçiliyinə yollarını açmaq lazımdır.
Türkmənistan mətbuatının məlumatına görə, bununla əlaqədar Mərkəzi Komissiyasının sədrinə Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq müvafiq işə başlamaq barədə tapşırıq verilib. Qeyd edək ki, Türkmənistanda anadan olan, qırx yaşdan yuxarı, dövlət dilini bilən, son on beş il ərzində ölkədə daimi yaşayan və işləyən, istənilən vətəndaş prezident seçilə bilər.
Qurbanqulu Berdiməhəmmədov iclasda öz yerini "mənəvi mühitdə və müasirliyin yüksək tələblərinə uyğun olaraq yetişmiş" gənc liderlərə vermək qərarına gəldiyini bildirib.
Onun sözlərinə görə, bu qərarı vermək onun üçün asan olmayıb. Dövlət başçısı qeyd edib ki, iki il əvvəl o, peyğəmbər yaşına (63 yaş) çatıb. Bu barədə məlumatı RBC yayıb.
Ehtimallara görə, onun yeganə oğlu 40 yaşlı Sərdar növbəti prezident olacaq. İndi Sərdar Berdiməhəmmədov Türkmənistan baş nazirinin müavinidir.
Dövlət başçısı birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Ölkədə sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib və qanunvericiliyə əsasən, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.