ABŞ Prezidenti Co Bayden (Joe Biden), Türkiyənin Suriyadakı hərbi əməliyyatı səbəbiylə Vaşinqton administrasiyasının o zamankı başçısı Donald Tramp tərəfindən 2019-cu ildə imzalanan Ankaraya qarşı sanksiyalar fərmanının daha bir il uzadılmasına qərar verib.
Eləcə də bax: ABŞ Rusiyaya qarşı sanksiya - Tətbiq Edib
FED.az xəbər verir ki, bu, ümə axşamı günü Ağ Ev məlumat yayıb.
"Suriya ətrafındakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində bir hücum başlatması İŞİD ilə mübarizəyə xələl gətirir, mülki insanları təhlükəyə atır, bölgədəki sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla təhdid edir, eyni zamanda ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün həddindən artıq təhlükə yaratmağa davam edir. Bununla əlaqədar olaraq, 13894 saylı fərmanla elan edilən vəziyyəti bir il uzadıram", - məlumatda deyilir.
Sözügedən fərman Trump tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdır. ABŞ Prezidenti bu sənədlə ABŞ Dövlət Departamentinə və Maliyyə Nazirliyinə konkret olaraq kimlərə məhdudiyyət qoyulacağına qərar verməyi tapşırıb. Söhbət "Şimali Suriyada atəşkəsə mane olan" və eyni zamanda ərəb ölkəsindəki siyasi tənzimləməyə müdaxilə edən şəxslər haqqında idi.
Ankara 2019-cu ildə Suriyanın Hasiçi və Raqqa əyalətlərində Türkiyə sərhədi boyunca hərbi əməliyyatını həyata keçirərək 30 kilometrlik təhlükəsizlik zonası yaradıb. Bu bölgədəki terrorçu kürdlər ordularını oradan geri çəkiblər, ancaq zaman-zaman Türkiyə hərbiçilərinə və Suriya müxalifət birləşmələrinə qarşı hücumlar edirlər. Rəsmi Dəməşq əməliyyatı təcavüz adlandırıb. (Marja)