21.30
Paşinyan Baydenin «soyqırım» ifadəsi işlətməsini alqışlayıb
FED.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrindən danışarkən «soyqırım» ifadəs işlətməsini alqışlayıb. Paşinyan Facebook-da bildirib ki, bununla bağlı ABŞ prezidentinə təşəkkür məktubu göndərərək ermənilər adından ona minnətdarlıq edib.
21.13
İbrahim Kalın: “ABŞ Prezidentinə öz tarixinə baxmağı tövsiyə edirik”
“Gündəmi ölkəmizə düşmənlik olan dairələrin böhtanlarını, iftiralarını təkrar edən ABŞ prezidentini şiddətlə qınayır və rədd edirik”.
FED.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın Altun özünün “twıtter” səhifəsində bu paylaşımı edib.
İ.Kalın ABŞ Prezidentinə öz tarixinə baxmağı tövsiyə edib.
21.01
Rəsmi Bakı da Baydenə cavab verdi - “Qəbuledilməzdir”
“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”.
FED.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin erməni anım günü münasibətilə etdiyi çıxışına dair şərhində deyilir.
“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək, gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.
100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.
Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.
20.45
Türkiyədən Baydenin “soyqırımı” açıqlamasına - CAVAB
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin işlətdiyi qalmaqallı “soyqırımı” ifadəsi ilə bağlı açıqlama yayıb.
XİN bu açıqlamanı rədd edib.
“ABŞ prezidentinin radikal erməni çevrəsi ilə Türkiyə əleyhinə olan qrupların təzyiqi altında 24 aprel tarixində 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və rədd edirik.
Sözügedən açıqlamanın mövzuya dair elmi və hüquqi bir təmələ, tapıntıya əsaslanmadığı ortadadır. 1915-ci il hadisələri ilə əlaqədar olaraq beynəlxalq hüquqda müəyyən edilmiş “soyqırımı” ifadəsinin işldilməsi üçün lazım olan şərtlərin heç biri mövcud deyil.
1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin konyuktural siyasi motivlərinə və ya daxili siyasi mülahizələrinə görə dəyişməz. Belə bir yanaşma tarixin yalnız kobudcasına təhrif edilməsinə xidmət edər”.
Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq ifadə edib. Digər tərəfdən, Türkiyənin o dönəmə dair elmi həqiqətlər işığında ədalətli bir yaddaşın formalaşdırılması istiqamətində 2005-ci ildə Birgə Tarix Komissiyasının qurulması təklifi də, erməni tərəfi buna yanaşmasa da, bu gün hələ də keçərliliyini qoruyur.
Tarixi mövzularda hökm oxumağa nə hüquqi, nə də mənəvi cəhətdən səlahiyyəti olan ABŞ prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.
Mədəniyyətlərin beşiyi kimi adlandırılan bir coğrafiyanın mərkəzində yerləşən və yaşadığı bütün ağrılara baxmayaraq, bəşəriyyətin sülh və rifahı üçün səy göstərməyi şüara çevirən Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman qaçmadığı kimi, bu mövzuda ABŞ da daxil olmaqla, heç kimdən dərs almayacaq”.
20.25
Mövlud Çavuşoğlu: “Tariximiz haqqında heç kimdən dərs alan deyilik”
“Sözcüklər tarixi dəyişdirə və ya yenidən yaza bilməz”.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitterdəki səhifəsində bildirib.
“Tariximiz haqqında heç kimdən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülhə və ədalətə ən böyük xəyanətdir. Yeganə dayağı populizm olan bu açıqlamanı tamamilə rədd edirik”, - nazir əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden uydurma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında “soyqırım” ifadəsindən istifadə edib.
20.22
Bayden “erməni soyqırımı” ifadəsini işlətdi
ABŞ Prezidenti CO Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.
O dərhal əlavə edib ki, bu ifadəni kimisə günahlandırmaq üçün yox, təkrarlanmasın deyə işlədir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qalmaqallı ifadə ilə bağlı tvitter hesabında paylaşım edib.
“Kəlmələr tarixi dəyişdirə bilməz, yenidən yaza bilməz.
Tariximiz haqqında kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir.
Tək söykənəcəyi populizm olan bu açıqlamanı bütünlüklə rədd edirik”.
Qeyd edək ki, Bayden bu ifadəni işlədən ilk ABŞ prezidentidir.