Bu gün şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda yüksək komfortlu avtomobillərlə gedişi təmin edəcək “UberSELECT” servisini istifadəyə verib. Şirkətdən bildirilib ki, yeni məhsul münasib qiymətə geniş və rahat avtomobilləri, həmçinin yüksək səviyyəli xidməti üstün tutan istifadəçilərə yönəldilib.
Bakıda “UberSELECT”lə gediş haqqı bu cür hesablanacaq: avtomobilin sifariş olunan məkana çatdırılması üçün 0,80 AZN, hər dəqiqə üçün – 0,03 AZN, hər kilometr üçün – 0,40 AZN. Yüksək komfortlu avtomobildə şəhər daxilində minimal gediş haqqı 2,5 AZN təşkil edəcək. Bakı istifadəçiləri üçün “UberSELECT” avtomobilləri sırasında “Kia Optima”, “Hyundai ix35”, “Toyota Camry”, “Ford Mondeo”, “Mazda 6”, “Skoda Octavia” və bu kimi digər modellər yer alır.
“UberSELECT” xidmətindən istifadə etmək üçün ekranın aşağısındakı slayderi sadəcə tərpətmək lazımdı.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Uber-in əsas xidməti olan “uberX”in qiyməti əhəmiyyətli dərəcədə endirilmiş, eyni zamanda bu ilin iyulunda əlavə olaraq nağd ödəniş opsiyası da təqdim edilmişdir ki, xidmətdən daha geniş kütlə istifadə edə bilsin.
İndi isə istifadəçilər üçün növbəti yenilik, yəni münasib qiymətə olan tam yeni səviyyədə xidmət təklif edilir.
Yeni məhsulun Bakıda istifadəyə verilməsi münasibəti ilə “Uber” öz istifadəçilərinə güzəştlər təqdim edir: Noyabrın 15-dək “BAKUSELECT” promokodundan istifadə etdikdə istifadəçilər “UberSELECT”də 10 gediş üçün 20% güzəşt əldə edəcəklər. Hər gediş zamanı güzəştin maksimal məbləği 1,5 AZN təşkil edəcək.
Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb.
Mənbə: trend.az