"Azərsu" ASC içməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə mütəmadi nəzarət-yoxlama tədbirləri keçirsə də, yenə də sudan qanunsuz istifadə etməyə çalışanlar var.
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, paytaxtın Xəzər rayonunun “Albalılıq-2” adlanan yaşayış massivində ev alqı-satqısı ilə məşğul olan bəzi şəxslər sakinləri aldadıb, onlardan müəyyən məbləğlərdə pul almaqla yaşayış evlərinə qanunsuz su xətləri çəkib. Sakinlərdən biri, Aygün Əmiraslanovanın sözlərinə görə, sayğac da daxil olmaqla hər ev üçün 1200 manatdan pul yığılıb.
Araşdırmalar zamanı məlum olub ki, yaxınlıqda su xətti olmadığından işbazlar təxminən 1 kilometrlik məsafədən 50 mm-lik boru ilə su çəkərək paylayıcı kollektor quraşdırıb və buradan evlərə fərdi su xətləri çəkib. Xəzər Sukanal İdarəsinin əməkdaşlarının aşkar etdiyi qanunsuz su xətləri kəsilərək, qeyri-qanuni istifadənin qarşısı alınıb. Hazırda özünü “Azərsu”yun əməkdaşı kimi təqdim edib sakinləri aldadan şəxslərin kimliyi dəqiqləşdirilir və hüquq mühafizə orqanlarına təqdim etmək üçün lazımi sənədlər hazırlanır.
Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi, ev 8/A ünvanında yerləşən “Təmiz su” istehsal və satış müəssisəsinin rəhbəri də qanunvericiliyin tələblərini kobud surətdə pozaraq xammal istifadəçisi kimi qeyri-qanuni sudan edib. Aparılmış nəzarət tədbirləri çərçivəsində məlum olub ki, sahibkar müəssisənin yaxınlığında yerləşən və Bəhruz Nərimanova məxsus fərdi evin su xəttindən rezin boru vasitəsi ilə qanunsuz şəkildə istifadə edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq su istehsalı müəssisəsinin və fərdi evin su təchizatı dayandırılıb. İçməli sudan xammal kimi istifadə edənlər 1 kubmetr suya görə 8 manat ödəməli olduğu halda, fərdi evdən götürdüyü suya görə heç bir ödəniş etməyib.
"İçməli su xətlərinə qanunsuz müdaxilə və onların qarşısının alınması Cəmiyyət üçün əlavə iş həcminə və maliyyə itkisinə səbəb olur. Su təchizatı şəbəkəsində hidravlik rejimlər pozulur, si itkiləri artır, eyni zamanda qəza briqadalarının qanunsuz birləşmələrin ləğvinə cəlb edilməsi digər qəzaların aradan qaldırılmasını ləngidir ki, bütün bunlar da son nəticədə abonentlərin haqlı narazılığına gətirib çıxarır. Belə qanunazidd halların qarşısını almaq üçün bundan sonra da tədbirləri davam etdiriləcək. “Azərsu” əhalidən xahiş edir ki, su çəkilməsi ilə bağlı onlara vəd verən kənar şəxslərə inanmasınlar, sudan qeyri-qanuni istifadədən çəkinsinlər və belə hallarla qarşılaşdıqda Cəmiyyətin 955 Zəng Mərkəzinə müraciət etsinlər", - deyə qurum bəyan edib.