Dövlət Su Ehtiyatları Agentliyinin Səbail rayonunda keçirdiyi nəzarət tədbirləri nəticəsində bəzi obyektlərdə və fərdi mənzillərdə sudan qanunsuz istifadə halları aşkarlanıb.
Azərbaycanda sudan səmərəli istifadə üçün tədbirlər planı - TƏSDİQ EDİLİB
Bu barədə FED.az-a Agentlikdən bildirilib.
Belə ki, 20-ci sahə, Ömər Faiq Nemanzadə küçəsi 25-də yerləşən avtoservisin sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan magistral xəttə özbaşına birləşmə edərək sudan qeyri-qanuni istifadə edib. Oxşar vəziyyətə 20-ci sahə, Elçin Əzizov küçəsi, dalan 2-də yerləşən avtoservisdə də rast gəlinib. Obyektin sahibi şəbəkəyə qoşulmaq üçün texniki şərt alsa da, su təchizatı müəssisəsindən xəbərsiz birləşmə edib və sudan uçotsuz istifadə edib.
Məlumata görə, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Xurşidbanu Natəvan küçəsində yerləşən həyət evinin sahibi uzun müddət ödəniş etmədiyindən borcu yığılıb: "Sayğaca baxış keçirərkən işlək vəziyyətdə olmadığı müəyyən edilib, həmçinin ev sahibinin sayğacdankənar xətt çəkərək suyu taladığı da aşkar olunub".
Bildirilir ki, aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib.
"Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - Agentlik qeyd edir.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ümumilikdə 8 899, Səbail rayonunda isə 131 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.