Oktyabrın 22-25-də Bakı Sərgi Mərkəzində 25-ci dəfə ölkənin ən irimiqyaslı sərgilərindən biri – Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisi təşkil olunacaq.
FED.az "AZƏRTAC"-a istinadən bildirir ki, 1995-ci ildə təsis edilmiş bu sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır. Sərgi 25 illik uğurlu fəaliyyəti dövründə 35-dən çox ölkəni təmsil edən 5000-dən artıq şirkəti bir araya gətirib. Bu müddət ərzində sərgi bütün Xəzəryanı regionun inşaat bazarı üçün etibarlı işgüzar platforma kimi özünü sübut edib. Sərgidə işgüzar əlaqələr qurulur, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş etdirilir.
“BakuBuild” sərgisi fəaliyyət göstərdiyi illər ərzində ölkə bazarında yeni texnologiyaların tətbiqinə və yerli istehsalı inkişaf etdirən və təkmilləşdirən investisiyaların cəlb olunmasına şərait yaradıb. Bir çox şirkət uzun illərdir ki, sərgidə iştirak edərək öz tarixini sərginin tarixi ilə bölüşür.
Sərgi öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 200-dən çox şirkəti bir araya gətirməklə iştirakçıların beynəlxalq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edir. Rusiya isə öz regional stendləri (Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk, Tümen, Vladimir vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya, Şimali Osetiya-Alaniya) ilə sərgidə debüt edəcək. İştirakçılar arasında “Assa Abloy”, “AZROS-PL”, “JAF”, “Caspian Electric”, “Faxreddin-K”, “Nabucco”, “NB Group”, “Pimapen”, “Kronospan”, “Taleh-I”, “Universal Makina”, “Akkord Cement” (Qazax sement zavodu), “Texnonikol” və sair şirkətlər yer alır. Sərginin daimi iştirakçısı - “NB Group” şirkəti qeydiyyat sponsoru qismində çıxış edir.
“BakuBuild 2019” sərgisində inşaat materialları, dam örtükləri və izolyasiya, eləcə də interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, işıq və elektrotexniki məhsullar, inşaat avadanlıqları və texnologiyaları kimi sektorlar ilə tanış olmaq mümkün olacaq. İştirakçılar sərginin peşəkar ziyarətçilərinə inşaat sənayesinin ən son yenilik və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək, sərginin qonaqları isə təqdim edilən məhsulları birbaşa sərgidə sınaqdan keçirə biləcəklər.
Sərginin əlavə tədbirlər proqramı ziyarətçiləri işgüzar görüşlər, panel müzakirələri və müəllif layihələrinin təqdimatları kimi çoxsaylı imkanlarla sevindirəcək.
Yubiley proqramı çərçivəsində oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında quşlar üçün yuvalar və yemləmə evcikləri quraşdırılacaq. Nəbatat Bağında aparılan abadlıq işləri sərginin daimi iştirakçıları və təşkilatçıları üçün xoş ənənəyə çevrilib. Beləliklə, “BakuBuild” sərgisinin tərəfdaş və dostları tədbirin yubileyini qeyd etməklə, quşların say və növ tərkibinin qorunub saxlanmasına öz töhfəsini verəcəklər.
İlk dəfə olaraq “Сaspian Еvent Оrganisers” şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə XXV Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq. Missiya müxtəlif ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçiriləcək.
Sərgi çərçivəsində Azərbaycan Memarlar İttifaqı tərəfindən “Architect Talks” layihəsinin və gənc memarlar arasında müsabiqənin keçirilməsi planlaşdırılır.
“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi təşkil olunacaq. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edəcək yerli və xarici istehsalçılar iştirak edəcəklər.
Sərgi yeni loqotip və böyük tarixi ilə müasir biznesin inkişaf təmayülləri ilə ayaqlaşaraq, qısa vaxt ərzində hədəf auditoriya ilə üzbəüz görüşlər keçirməyə və dərhal biznes qurmağa imkan yaradır. “BakuBuild” İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.