Ötən il “Azərsu” ASC abonentlərinin sayı 3,9% artıb.
Bu barədə FED.az-a qurumdan məlumat verilib. Məlumatda bildirilir ki, 1 yanvar 2023-cü il tarixinə ölkə üzrə 1 mln. 748 min 832 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 mln. 679 min 880-i və ya 96,1%-i əhali, 68 min 952-si və ya 3,9%-i isə qeyri-əhali qrupu abunəçiləridir.
İl ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
1 yanvar 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 88,8%-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,6%, qeyri əhali qrupu üzrə isə 95,6% təşkil edir.