“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndinə əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun olaraq illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanıb və bu hesabatlar müstəqil auditor təşkilatı tərəfindən audit edilib. 2020-ci il dekabrın 31-nə ASC-nin əsas vəsaitləri 115,6 milyon manat artaraq 942,7 milyon manat təşkil edib.
Eləcə də bax: “Azərsu” Milli Məclisin komitə sədrinə - Cavab Verib
ASC-dən FED.az-a bildirilib ki, hesabat dövrünün cari zərəri 323,2 milyon manat olub, bu da 2019-cu ilə nisbətən (2019-ci ildə 593,5 milyon manat) 270,3 milyon manat azdır. Cari zərər əsas etibarilə əsas vəsaitlərin qiymətdəndüşmə zərəri (207,8 milyon manat) hesabına yaranıb. Hesabat ilinə “Azərsu”nun artan yekunla əks olunan yığılmış zərəri 7,3 milyard manat olub ki, bunun da 6,8 milyard manatı ASC-nin əsas fəaliyyəti nəticəsində deyil, maddi və qeyri-maddi aktivlərinin qiymətləndirilməsi və qiymətdəndüşməsi ilə əlaqədar yaranıb.
2020-ci ildə satışdan gəlirlər 184,2 milyon manat təşkil edib və 2019-cu ilə nisbətən 8,8 milyon manat az olub. Gəlirlərin azalması əsasən koronavirus (COVID-2019) pandemiyası şəraitində qeyri-əhali qrupu kateqoriyasına aid olan bir sıra abonentlərin (təhsil ocaqları, ictimai iaşə, turizm və istirahət obyektləri, şadlıq sarayları və sair) fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədardır.
Qeyd edilməlidir ki, maliyyə hesabatlarının hazırlanması prosesində beynəlxalq standartların tələblərinə uyğun olaraq əsas vəsaitlərin qiymətləndirilməsi və qiymətdəndüşməyə testləşdirilməsi həyata keçirilir. Bazar dəyəri olan əsas vəsaitlərin ədalətli dəyəri müəyyən olunur. Xüsusiləşdirilmiş aktivlərə isə bir vahid (pul axını yaradan aktiv) kimi baxılır. ASC-nin növbəti 5 il üçün gəlir-xərc proqnozları əsasında bu aktivlərdən istismar dövrü ərzində gözlənilən gəlirlilik müəyyən edilir və illər üzrə diskontlaşdırılır. Bu məbləğlə aktivlərin cari dəyəri arasındakı fərq dövr üzrə qiymətdəndüşmə zərərini əks etdirir.