Bu gün Dövlət Gömrük Komitəsində Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun əməkdaşları ilə görüş keçirilib.
Eləcə də bax: Nazirlər Kabineti vergi və gömrük güzəştlərin tətbiqi qaydasını - İZAH EDİB
FED.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun və "Garland İnternational" məsləhətçi şirkətinin nümayəndələri iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd Ələt Azad İqtisadi Zonasının yeniləşdirilmiş baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə tanışlıq olub.
DGK sədrinin müavini Cavad Qasımov Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycan, eləcə də region üçün əhəmiyyətindən bəhs edib, ölkəmizin tranzit və logistika imkanlarının artırılmasında mühüm rol oynayacaq bu layihənin baş plan konsepsiyası ilə bağlı Komitənin müvafiq rəyi olduğunu qonaqların diqqətinə çatdırıb.
Bildirilib ki, sadələşdirilmiş qaydada gömrük nəzarətinin təşkili, yüklərin qısa müddət ərzində rəsmiləşdirilməsi və gömrüklə bağlı digər məsələlərə bu günki görüşdə daha da aydınlıq gətiriləcək. Komitə sədrinin müavini gələcəkdə işlərin daha səmərəli təşkil edilməsi məqsədilə birgə işçi qrupunun yaradılmasını da təklif edib.
Qeyd edək ki, daha sonra "Garland İnternational" məsləhətçi şirkətinin eksperti Kevin Rudelen Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə çıxış edib. Təqdimat zamanı bildirib ki, bundan əvvəl keçirilən görüşlər zamanı Dövlət Gömrük Komitəsinin səsləndirdiyi təkliflər hazırki təqdimatda öz əksini tapıb və Komitə rəsmilərinin rəyləri onlar üçün böyük əhəmiyyət kəsb edir.
Təqdimat başa çatdıqdan sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.