Azad olunan ərazilərdə minatəmizləmə zamanı itlərlə yanaşı, siçovullardan da istifadə ediləcək.
FED.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu ilə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.
İlk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan olunmuş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 qadın iştirak edir. Layihəsi çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulur.
Tədbir zamanı minatəmizləmə fəaliyyəti üçün yeni alınmış siçovullar və itlər də nümayiş olunub.
Qeyd edək ki, 1990-cı illərin sonlarından başlayaraq dünyada mina axtarışı işində mütəxəssislər siçovulların iyduyma qabiliyyətindən də istifadə etməyə başlayıb. İlk belə təcrübə Tanzaniyada həyata keçirilib və Qambiya siçovullarına mina axtarmaq öyrədilib.
Mina axtarışı işində istifadə olunan siçovullardan heç biri indiyədək zərər çəkməyib.
Siçovullar kimyəvi partlayıcı maddələri aşkar edir. Siçovul partlayıcı tapdıqda, komandada işləyən insanları xəbərdar etmək üçün pəncəsi ilə yer qazmağa başlayır.
Siçovulların çəkisinin yüngül olması onları partlayış təhlükəsindən qoruyur.