Azərbaycanda bədii və sənədli filmlər, eləcə də animasiya filmləri istehsalçılarına dövlət dəstəyi nəzərdə tutulub.
FED.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nə start verib.
Müsabiqənin keçirilməsində məqsəd ölkədə film istehsalını stimullaşdırmaq, müstəqil prodüser mərkəzləri arasında rəqabətin artırılması və birgə film istehsalını dəstəkləməkdir.
Müsabiqədə kinematoqrafın istənilən istiqamət, kateqoriya və janrlarını əhatə edən, kütləvi nümayiş üçün nəzərdə tutulan, post-prodakşn mərhələsində olan film layihələri iştirak edə bilər.
Qaydalara görə, filmlərə dəstək veriləcək, amma sonradan o filmin kommersiya gəlirlərində Azərbaycan Kino Agentliyi (ARKA) da pay alacaq. Filmlərə verilən dəstəyin məbləği və gəlirlərdən Azərbaycan Kino Agentliyinə (ARKA) düşəcək pay filmlərin xüsusiyyətləorindən asılıdır.
Belə ki, bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 min manat, tammetrajlı sənədli filmlər üzrə 20 min manat, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 min manat, qısametrajlı animasiya filmləri üzrə isə 13 min manat müəyyən olunub.
ARKA-nın gəlirlərdə (mənfəət) payı isə tammetrajlı bədii filmlər üzrə 20 faiz, tammetrajlı sənədli filmlər üzrə 30 faiz, qısametrajlı bədii və sənədli filmlər üzrə 25 faiz, qısametrajlı animasiya filmləri üzrə isə 15 faiz nəzərdə tutulub.
Qeyd edək ki, film istehsalçısı filmin istehsalı üçün başqa mənbələrdən də vəsait cəlb edə bilər, amma istənilən halda ARKA-nın gəlirlərdə (mənfəət) payı burada göstərilən kimi qalacaq. Yəni dəyişməyəcək.
Söhbət beynəlxalq layihələr olan filmlərdən gedirsə, maksimal məbləğ 50% artırıla bilər. Amma bunun üçün Mədəniyyət Nazirliyinin qərarı tələb olunacaq.
Şərtlərlə daha ətraflı buradan tanış olmaq mümkündür.