Belçikanın paytaxtı Brüsseldə minlərlə insan qiymətlərin artımına etiraz olaraq aksiya keçirib.
Etirazçılar Belçikanın ən böyük həmkarlar ittifaqlarının çağırışı ilə Brüssel Şimal Vağzalının qarşısına toplaşıblar. Vağzalın qarşısında qurulan nəhəng ekranda «Həyat çox bahadır, maaşların artırılmasını istəyirik» yazılıb.
Aksiyada 80 minə yaxın insan yaşayış minimumu və maaşların qeyri-kafi artırılmasına etiraz edib.
Nümayişçilər əllərində “Maaşları artırın”, “Xəstəxana və məktəblərə pul”, “Maaşlarımızı buraxın”, “Maaş soyğununu dayandırın” yazılmış plakatlar qaldırdılar.
Birliklərinin qırmızı, yaşıl və mavi rəngli bayraqlarını geyinən və eyni rəngdə olan etirazçılar əsas yollardan istifadə edərək bir neçə kilometr uzaqlıqdakı Cənub Dəmiryolu Vağzalına doğru yürüş ediblər.
Nümayişçilər yürüş boyu hökumət əleyhinə şüarlar səsləndiriblər. Təxminən 80 min insanın qatıldığı yürüşlə əlaqədar şəhərin mərkəzi ərazilərində nəqliyyatın hərəkəti dayandırılıb.
Həmkarlar ittifaqlarının çağırışı ilə ölkə boyu bir günlük tətil keçirilir. Brüssel hava limanının mühafizəçiləri də tətilə qoşulmaq qərarına gəliblər. Bu səbəbdən bu gün Brüssel hava limanından sərnişin təyyarələri qalxa bilmir.
Brüsseldə də tətilə görə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. İşçilərin əksəriyyəti tətilə qatıldığı üçün metro, tramvay və avtobusların hərəkəti dayandırılıb.
Nümayişçilər son vaxtlar yaşayış minimumunun işçilərin alıcılıq qabiliyyətini aşağı saldığına diqqət çəkərək, iş şəraitinin və maaşların yaxşılaşdırılmasını tələb edirlər.
Belçikada tətbiq olunan indeksləşdirmə sistemi ilə işçilərin maaşları inflyasiyanın artım sürəti ilə artırılır. İşəgötürənlər isə əmək haqqının avtomatik indeksləşdirilməsindən narahatdırlar və onun ləğv edilməsini istəyirlər.
Bununla belə, həmkarlar ittifaqları indeksləşdirmə sisteminin saxlanmasını və özəl sektorda əmək haqqının artım templərini məhdudlaşdıran qanunların dəyişdirilməsini tələb edirlər.
Ölkədə inflyasiya ötən ay 8,97 faizə çatıb ki, bu da 1982-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.